Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ-yə işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşməyi planlaşdırır.
"Report"un məlumatına görə, o, bunu Vaşinqtona uçuşdan əvvəl jurnalistlərə açıqlayıb.
"Almaniya üçün tərəfdaş kimi etibarlılıq, şübhəsiz ki, beynəlxalq hüquqa və əməkdaşlığa sadiqliyi də əhatə edir. Məhz buna görə Vaşinqtondakı danışıqlarımdan sonra mən həmçinin Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Quterreşlə görüşəcəyəm", – Vadeful bildirib.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarına toxunan Almaniya XİN rəhbəri NATO çərçivəsində ümumi təhlükəsizlik məsuliyyətini vurğulayıb. "Əlbəttə, hətta yaxın tərəfdaşlar arasında da müxtəlif baxışlar yarana bilər. Lakin bu, ümumi mənzərəni gözdən qaçırmağa səbəb olmamalıdır", – nazir qeyd edib.
"Fikir ayrılıqları mövcud olduğu yerdə biz bu anlaşılmazlıqları dialoq vasitəsilə həll etmək istəyirik ki, sülh və təhlükəsizlik üçün ümumi məsuliyyətimizi yerinə yetirək. Mən bunu Vaşinqtonda amerikalı həmkarım Marko Rubio ilə müzakirə edəcəyəm. Bizim məsuliyyətimiz, xüsusilə, Şimali Atlantikada təhlükəsizliyi əhatə edir. Bu ad yalnız NATO-nun adında deyil, həm də ümumi təhlükəsizliyimiz üçün strateji əhəmiyyət daşıyır", – Vadeful əlavə edib.
O, bu məsələlərin NATO çərçivəsində birgə müzakirə olunmalı olduğunu vurğulayıb. "NATO-nun bütün müttəfiqlərinin qanuni maraqları, həmçinin region sakinlərinin maraqları diqqət mərkəzində olmalıdır. Bu, təbii ki, Qrenlandiya və onun xalqına da aiddir", – nazir yekunlaşdırıb.
Yanvarın 11-də Vadeful həmçinin Reykyavikdə dayanacaq edəcək və orada islandiyalı həmkarı Torgerdur Katrin Gunnarsdouttir ilə görüşəcək. Tərəflər Uzaq Şimalda konkret strateji çağırışlarla bağlı fikir mübadiləsi aparacaqlar.