Skandinaviya diplomatları ABŞ prezidenti Donald Trampın Qrenlandiya yaxınlığında fəaliyyət göstərən Rusiya və Çin gəmiləri ilə bağlı iddialarını rədd ediblər.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qəzet NATO kəşfiyyat brifinqlərinə çıxışı olan iki yüksək vəzifəli diplomata istinadən yazır ki, son illərdə Qrenlandiya ərazisində Rusiya və ya Çin gəmilərinin və ya sualtı qayıqlarının əlamətləri müşahidə edilməyib.
Nəşr həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiya üzərində Amerikanın nəzarətinin zəruriliyini bildirib. Onun sözlərinə görə, ada regionda Rusiya və Çin gəmilərinin və sualtı qayıqlarının olması səbəbindən Amerika təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir.
O hesab edir ki, ABŞ adanı yalnız müqavilə ilə qorumaqla kifayətlənməməli, ona sahib çıxmalı, hətta Danimarka və Qrenlandiyanın etirazlarına baxmayaraq, Rusiya və ya Çin tərəfindən ələ keçirilməsinin qarşısını almalıdır.