Respublikaçıların Ayova ştatında keçirilən praymeriz üçün ilkin səsvermənin nəticələri göstərir ki, keçmiş ABŞ prezidenti Donald Tramp bütün namizədlər arasında liderdir.
“Report” xəbər verir ki, seçicilərin 70%-dən çoxu ona səs verib ki, bu da digər namizədləri xeyli qabaqlayır.
İkinci yerdə Respublikaçıların 15%-dən çoxu tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb.
Ayova Respublikaçı qrup toplantıları bazar ertəsi keçirilir və partiyanın prezidentliyə namizədinin müəyyən edilməsində ilk addımdır.
Amerikanın CNN, NBC və Fox News telekanalları da ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ayova ştatında keçirilən ilkin seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb. Telekanallar proqnozlarını ilk səsvermənin nəticələrinə və öz təhlillərinə əsaslandırır.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə bildirib: “Bir neçə dəqiqədən sonra çox layiqli rəqibləri məğlub etdiyimi elan etmələri böyük şərəfdir. Bu, möhtəşəm hadisə və möhtəşəm hissdir”.
Nümayəndələr Palatasının spikeri Mayk Conson keçmiş prezident Donald Trampın qələbəsini alqışlayıb: "Onun bu axşamkı qəti və tarixi qələbəsi partiyamızı birliyə yaxınlaşdırmalıdır ki, noyabrda (prezident seçkiləri - Qeyd) yekun qələbə qazana bilək", - Conson bildirib.
Bizim WhatsApp kanalımıza abunə olun