Rumıniyada fermerlərin və yük maşını sürücülərinin etirazları altıncı gündür ki, davam edir.
“Report” xəbər verir ki, aksiya iştirakçıları avtonəqliyyat vasitələrinin icbari sığortasının bahalaşmasına, yanacağa aksiz vergilərinin və ödənişli yollarda gediş haqqının artırılmasına, habelə Ukrayna yük maşınlarının çoxluğuna görə ölkə sərhədlərində uzun yoxlamalara etiraz edirlər.
Məlumata görə, etirazçılar yük maşınları və traktorları magistral yollara çıxararaq, respublika və regional yollarda, şəhər daxilində və sərhəd keçid məntəqələrində nəqliyyatın hərəkətini ləngidir və ya əngəlləyirlər.
Bununla bağlı Rumıniyanın Baş naziri Marsel Çolaku nazirlərlə işgüzar görüşü zamanı etiraz aksiyası keçirən rumıniyalı fermerlərin və yük maşını sürücülərinin problemlərini həll etmək üçün qaydaların hazırlanmasının sürətləndirilməsini tələb edib.
Nazirlər Kabinetinin üzvləri bildiriblər ki, problemin aradan qaldırılması üçün müvafiq normativ-hüquqi aktların layihələri hazırlanır.
Bizim Telegram kanalımıza abunə olun