Cənubi Koreyanın Koreya yarımadasında sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Kim Qon telefonla ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Çon Pak və Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə departamentinin rəhbəri Hiroyuki Namazu ilə Pxenyanın hipersəs raketi buraxmasını müzakirə edib.
“Report”un “İnterfaks”a istinadən məlumatına görə, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi xəbər verib.
Diplomatların Koreya yarımadasında və regionda sülh və sabitliyə təhlükə yaradan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi raket buraxılışını pislədiyi qeyd edilir.
Şimalın təxribatlarını bölgədəki qeyri-sabitliyin “əsas səbəbləri” kimi göstərən üç tərəf Cənubi Koreya, ABŞ və Yaponiya arasında əməkdaşlığın gücləndiriləcəyini vurğulayıb.
Bundan əlavə, həmsöhbətlər Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xinin bu həftə Rusiyaya səfərini yaxından izləmək barədə razılığa gəliblər.
Bazar günü “Renhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını bildirib.
Məlumata görə, raket sınağı dekabrın 18-də Pxenyanın ABŞ materikinə çata bilmək üçün nəzərdə tutulmuş bərk yanacaqla işləyən qitələrarası “Xvason-18” raketini sınaqdan keçirdiyi vaxtdan bəri ilk buraxılışdır.
Bizim Telegram kanalımıza abunə olun