Braziliyanın Rio-de-Janeyro şəhərində aramsız yağışlar nəticəsində azı 11 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyasının Operativ Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, əsas magistralları su basıb, yerüstü nəqliyyatın və metronun fəaliyyəti dayandırılıb.
"Rio-de-Janeyronun şimal bölgəsində və yaxınlıqdakı şəhərətrafı ərazilərdə yağan leysan səbəbindən əsas magistralları su basıb və ictimai nəqliyyatı iflic edib. Ölənlər var", - məlumatda deyilir. Mərkəzdən verilən məlumata görə, ölümə səbəb torpaq sürüşməsi və şəhər elektrik şəbəkəsi naqillərinin qırılması ilə əlaqədar elektrik cərəyanı vurması olub. Zərərçəkənlərin axtarışları davam edir.
Şəhər meriyası əhali üçün mümkün təhlükənin dördüncü səviyyəsini açıqlayıb. Mer Eduardo Paes şəhərdə fövqəladə vəziyyət elan edib. Paes “X” vasitəsilə Rio sakinlərinə müraciət edib və onları şəhərdəki vəziyyət normallaşana qədər zərurət olmadıqda evlərini tərk etməməyə çağırıb.
Braziliyada xilasedicilərin daxil olduğu mülki müdafiə xidməti 30 magistralı su basması və elektrik enerjisinin kəsilməsi barədə məlumat verib. Belə ki, şəhərin şimal rayonunda xəstəxanalardan biri işıqsız qalıb.
Bizim Telegram kanalımıza abunə olun