İsrailin HƏMAS-a qarşı müharibəsi uzun aylar davam edəcək.
“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin 2024-cü il dövlət büdcəsinin təsdiqi ilə bağlı hökumət iclasını açarkən deyib.
"Aydın oldu ki, biz müharibəni aparmalıyıq və bu, hələ çox aylar çəkəcək. Ona görə də bu gün hərbi büdcəni önə çəkirik. Bu, müharibə vəziyyətində olduğumuz ilin büdcəsidir. Bu, bizdən planlaşdırdığımızdan daha çox təhlükəsizlik xərcləri tələb edir. Həmçinin başa düşürük ki, İsrail dövlətini bir çox malların xarici satınalmalarından, yerli satınalmalardan, yerli istehsal imkanlarından asılılıqdan azad etmək üçün çoxillik plana investisiya qoymalıyıq", - Netanyahu bildirib.
"Hazırda ilk növbədə, müharibə xərclərini ödəməyimiz tələb olunur ki, bu da cari ildə müharibə aparmağımıza və HƏMAS-ın zərərsizləşdirilməsi, girovlarımızın geri qaytarılması, həm şimalda, həm də cənubda təhlükəsizliyin bərpası da daxil olmaqla hədəflərinin yerinə yetirilməsini başa çatdırmağımıza imkan verəcək", - Baş nazir əlavə edib.
“100 gün əvvəl HƏMAS-ın yırtıcıları İsrail dövlətinə soxuldular, vətəndaşlarımıza təcavüz etdilər, yandırdılar və girov götürdülər. Biz onların yarısını geri qaytardıq, onların hamısının istisnasız olaraq evə qayıtması üçün hər şeyi edirik və bu səylər ardıcıl davam edir. Biz bunları müharibənin digər məqsədlərinə çatmaqla eyni vaxtda tamamlayacağıq”, - Netanyahu vurğulayıb.
Bizim WhatsApp kanalımıza abunə olun