ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin iki xüsusi təyinatlı əsgərinin itkin düşdüyü Somali sahillərində axtarış-xilasetmə əməliyyatı aparır.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, iki əsgər Somali sahillərində gəmiyə minmək istəyərkən suya düşüb. Onların şəxsiyyəti müəyyən edilməyib, hansı gəmiyə minməyə çalışdıqları və nə üçün getdikləri bəlli deyil.
Hadisənin ABŞ və Böyük Britaniyanın Yəmənin “Ənsar Allah” üsyançılarına qarşı son zərbələri və ya ticarət gəmilərini qorumaq əməliyyatları ilə əlaqəsi yoxdur.
Vurğulanıb ki, ABŞ qoşunları Ədən körfəzində dəniz quldurluğuna qarşı əməliyyatlarda digər ölkələrlə əməkdaşlıq edir. Hərbi qulluqçular bəzən qadağan olunmuş materialları daşımadığından əmin olmaq üçün gəmiyə minirlər.
ABŞ Mərkəzi Komandanlığı itkin düşən hərbçilərin Hərbi Dəniz Qüvvələrindən olduğunu bildirsə də, axtarış əməliyyatı tamamlanana qədər əlavə məlumat verməkdən imtina edib.
Bizim WhatsApp kanalımıza abunə olun