Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriyaya Türkiyə üzərindən yardım etdiyi sərhəd keçidlərindən istifadə icazəsi iyulun 13-dək uzadılıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarik mətbuat konfransında deyib.
Sözçü Suriya rejiminin Türkiyə üzərindən öz ərazisinə BMT-nin yardımının Bab əl-Salam (Öncüpınar) və Cilvegözü (Bab Əl-Hava) sərhəd qapılarından keçməsi üçün icazəni əlavə altı ay müddətində uzadıldığını bildirib: "Bu olduqca həyati bir qərardır, çünki keçid məntəqələri yardıma ehtiyacı olan Suriya xalqı üçün həyati əhəmiyyət daşıyır. Ötən ilin fevral ayından bu günə kimi həmkarlarımız Suriyada 2,5 milyon insana humanitar yardım çatdıra biliblər. Bununla yanaşı, həmin tarixdən etibarən BMT-nin qida, ərzaq kimi humanitar yardımlarını daşıyan təxminən 5 000 yük maşını Türkiyədən Öncüpınar (Bab Əl Salam) və Cilvegözü (Bab Əl-Hava) sərhəd-keçid məntəqələrindən istifadə edərək Suriyanın şimal-qərb ərazisinə daxil olub. Digər tərəfdən 300-dən çok sərhəd missiyası BMT-nin bölgədəki missiyası tərəfindən tamamlanıb".
S.Dujarik əlavə edib ki, BMT yardımlarının bölgəyə çatdırılması üçün digər iki sərhəd-keçid məntəqələrindən giriş izinlərinin uzadılması ilə bağlı Suriya höküməti ilə danışıqlar davam edir.
Qeyd edək ki, 2014-cü ildən BMT Suriyanın şimalında milyonlarla insana humanitar yardım çatdırmaq üçün Türkiyə üzərindən Bab əl-Hava sərhəd keçidindən istifadə edir. 2023-cü ilin fevral ayında Türkiyədə baş verən zəlzələdən sonra Suriya BMT yardımının bölgəyə çatdırılması üçün Türkiyədən keçən əlavə iki sərhəd qapısından istifadəyə icazə verib.
Bizim Telegram kanalımıza abunə olun