Avropa İttifaqı (Aİ) Ukraynaya ayırdığı kreditin ilk tranşını 2026-cı ilin ikinci rübündə təqdim edəcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ-nin rəsmi nümayəndəsi Matsey Berestetski bildirib.
Onun sözlərinə görə, Aİ Ukraynanın maliyyə ehtiyaclarının təcililiyini başa düşür, buna görə də iş sürətləndirilmiş templə gedir.
Berestetski bildirib ki, dekabrda Avropa Şurasında Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmaq barədə qərar qəbul edildikdən sonra həm Aİ Şurası, həm də parlament tərəfindən zəruri prosedur qərarların həyata keçirilməsi gözlənilir.
"Bu, növbəti bir neçə həftə ərzində baş verməlidir. Eyni zamanda, biz Ukraynaya kreditin verilməsi şərtlərini müəyyən edən nizamnamə təklifi üzərində işləyirik. Avropa Komissiyası bunu yanvarda qəbul etməyi planlaşdırır, bundan sonra digər lazımı addımlar atılacaq", - deyə o bildirib.