Ukraynanın 4 vətəndaşı Somalidə “Aş-Şabab” terror qruplaşmasının yaraqlıları tərəfindən girov götürülüb.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko bildirib.
Onlar BMT-nin hücuma məruz qalan helikopterinin ekipaj üzvləri olub.
"Ukrayna Xarici İşlər Nazirliyi Somali ərazisində hökumət əleyhdarlarının nəzarətində olan ərazidə 4 ukraynalının əsir götürüldüyünü təsdiqləyir. Vətəndaşlarımız BMT-nin Somalidəki missiyasının qəzaya uğrayan helikopterinin ekipaj üzvləri olub. Onların şəxsiyyəti müəyyənləşdirilib”, - Nikolenko feysbukdakı səhifəsində yazıb.
O, helikopterin göyərtəsində ukraynalılardan başqa daha beş əcnəbinin də olduğunu qeyd edib.
“Helikopter Ukraynanın BMT-nin sifarişi ilə daşınma müqaviləsini yerinə yetirən özəl şirkətinə məxsusdur”, - nazirliyin rəsmi nümayəndəsi bildirib.
Yanvarın 10-da bildirilib ki, “Aş-Şabab” radikal qruplaşmasının yaraqlıları təcili eniş edən BMT helikopterinin ekipajını ələ keçirib.
Bizim WhatsApp kanalımıza abunə olun