Ukrayna Prezidenti Volodimir Zelenski Kanada Baş nazirinin keçmiş müavini və sabiq maliyyə naziri Xristya Frilandı iqtisadi inkişaf məsələləri üzrə ştatdankənar məsləhətçisi təyin edib.
"Report" xəbər verir ki, bu barədə V.Zelenski öz teleqram kanalında yazıb.
Prezidentin sözlərinə görə, X.Friland investisiyaların cəlb edilməsi və iqtisadi transformasiyaların həyata keçirilməsində böyük təcrübəyə malikdir:
"Hazırda Ukraynanın daxili dözümlüyünün artması vacibdir - diplomatiya mümkün qədər tez nəticə versə, ölkənin bərpası, tərəfdaşların gecikməsi səbəbindən müharibənin uzanacağı təqdirdə isə müdafiəmizi möhkəmləndirmək üçün".
Xatırladaq ki, Xristya Friland 2015-ci ildə Liberal Partiyanın hakimiyyətə gəlişindən bəri Kanada hökumətində fasiləsiz olaraq yüksək vəzifələr tutub. O, həmçinin keçmiş baş nazir Castin Tryudonun vaxtında ölkənin maliyyə naziri vəzifəsinə təyinat alan ilk qadın siyasətçi olaraq daha sonra baş nazirin müavini postuna gətirilib.
2025-ci ilin sentyabrında X.Friland hökumətdən istefa verərək Ukrayna bərpası məsələləri üzrə Kanadanın xüsusi nümayəndəsi təyin olunub.