Müasir həkimlər yemək zamanı su içməyin mümkün olduğunu deyirlər, lakin bunun üçün mütləq təmiz su seçilməli və vacib bir şərtə əməl olunmalıdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yemək vaxtı su içib-içməmək məsələsində fərqli fikirlər bildiriblər. Bəziləri bunun həzmi ləngidə biləcəyini düşünür, digərləri isə suyun orqanizm üçün faydalı olduğuna inanır. Onlar bildirirlər ki, yemək zamanı nə içdiyinizdən daha vacibi içkinin temperaturudur.
Əvvəlcə mütəxəssislər vurğulayırlar ki, artıq çəki almaq istəmirsinizsə, yemək zamanı meyvə şirələri, qazlı içkilər, çay, qəhvə və tərkibində şəkər olan istənilən içkidən qətiyyən uzaq durmalısınız.
Lakin yemək vaxtı adi təmiz su belə zərərli ola bilər - əgər o, soyuqdursa.
Həkimlər soyuq suyu, ümumiyyətlə, içməyi məsləhət görmürlər, yemək zamanı isə xüsusilə. Əsas səbəb odur ki, yeməkdən sonra aclıq hissi daha tez yaranır. Bunun səbəbi soyuq suyun mədənin yığılmasına səbəb olması və həzm prosesini çətinləşdirməsidir.
Orqanizmin öz istilik tənzimləmə mexanizmi var. Buna görə də soyuq su ilə birlikdə qəbul edilən qida lazımi şəkildə həzm olunmur və çox tez bağırsağın yuxarı hissəsinə keçir. Nəticədə orqanizm qidadan kifayət qədər enerji ala bilmir və mədə daha tez boşalır.
Mütəxəssislər yemək zamanı ilıq su və ya isti yaşıl çay içməyi tövsiyə edirlər. Dad vermək üçün bu içkilərə bir dilim limon da əlavə etmək olar.
yemək su