Göyöskürək xəstəliyinin dünyada yenidən artdığı bildirilir.
Lent.az xəbər verir ki, son bir neçə ildə Avropa və ABŞ-da yayılmasını davam etdirən xəstəliklə bağlı İngiltərə səhiyyə qurumları son iki ildə narahatedici artım müşahidə olunduğunu açıqlayıb. Xalq arasında “100 günlük öskürək” kimi tanınan boğmaca tez-tez qrip və ya soyuqdəymə ilə qarışdırılır.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, dekabr ayının sonuna qədər ölkədə 27 min 871 boğmaca hadisəsi qeydə alınıb. Bu rəqəm 2024-cü ildə bildirilən 41 min 922 hadisədən az olsa da, pandemiyadan əvvəlki illərin orta göstəricilərindən yüksəkdir. Mütəxəssislər artımın əsasən peyvənd olunmamış uşaqlar və digər həssas qruplar üçün ciddi risk yaratdığını bildirir.
Həkimlərin sözlərinə görə, boğmaca şiddətli və uzunmüddətli öskürək tutmaları, nəfəs darlığı, qusma, pnevmoniya, beyin fəsadları və xüsusilə körpələrdə ağır nəticələrlə müşayiət oluna bilər. Bir yaşdan kiçik körpələrin təxminən üçdə biri xəstəxanaya yerləşdirilir.
Mütəxəssislər xəstəliyin peyvəndlə qarşısı alına bildiyini vurğulayır və uşaqların peyvəndlərinin gecikdirilməməsini, böyüklərin isə müəyyən aralıqlarla gücləndirici doza vurdurmasını tövsiyə edirlər. Erkən diaqnoz və vaxtında antibiotik müalicəsi həm xəstəliyin ağırlaşmasının, həm də yoluxmanın qarşısını almaqda mühüm rol oynayır.
xəstəlik göyöskürək