2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub.
"Report" xəbər verir ki, bu barədə "Aztelekom" MMC məlumat yayıb.
Məlumata görə, hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə infrastruktura 4 308 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub.
Həmin ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.
Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1 000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edir.