Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına 2026-cı ilin yanvar ayı üzrə sədrlik Somaliyə keçib.
"Report"un ABŞ bürosu xəbər verir ki, Somalinin BMT-dəki daimi nümayəndəsi, səfir Abukar Dahir Osman Nyu-Yorkda mətbuat brifinqi keçirərək, Təhlükəsizlik Şurasının yanvar ayı üçün iş proqramını təqdim edib.
O, brifinqdə Somalinin Təhlükəsizlik Şurasına 54 ildən sonra yenidən üzv seçilməsini tarixi hadisə kimi qiymətləndirib və ölkəsinin bu ay ərzində sədrlik etməsinin çoxtərəfli diplomatiyaya sadiqliyin göstəricisi olduğunu bildirib. Səfir vurğulayıb ki, Somali sədrliyi dövründə səmərəlilik, şəffaflıq, inklüzivlik və konsensusun gücləndirilməsini prioritet hesab edir.
Səfir yanvar ayı üçün nəzərdə tutulan əsas iclaslar barədə də məlumat verib. Proqrama Yaxın Şərqdə vəziyyət, o cümlədən Suriyanın kimyəvi silahları ilə bağlı brifinq, Yəmən üzrə məsləhətləşmələr, Haitidə vəziyyət, Sudana dair Beynəlxalq Cinayət Məhkəməsinin hesabatı, Kiprdə BMT-nin sülhməramlı qüvvələrinin mandatı, eləcə də Suriya üzrə siyasi və humanitar məsələlər daxildir.
Onun sözlərinə görə, yanvarın 26-da beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında hüququn aliliyinin təşviqi mövzusunda yüksək səviyyəli açıq debat keçiriləcək. Bu debat BMT Nizamnaməsinin 80 illiyi fonunda xüsusi əhəmiyyət daşıyır və Somalinin sədrliyi dövründə "imza tədbiri" hesab olunur. Tədbir Somalinin Prezidenti Hasan Şeyx Mahmudun sədrliyi ilə baş tutacaq.
Yanvarın 28-də isə Yaxın Şərq üzrə rüblük açıq debatın yüksək səviyyədə keçirilməsi planlaşdırılır. Səfir bildirib ki, son regional inkişaflar fonunda bu müzakirənin daha geniş siyasi diqqətə ehtiyacı var.
Brifinqdə həmçinin qeyd olunub ki, gündəlikdə göstərilməyən, lakin yerdəki vəziyyətdən asılı olaraq Şuranın təcili diqqətini tələb edə biləcək məsələlər üzrə də iclasların çağırılması mümkündür.
Abukar Dahir Osman sonda Somalinin Təhlükəsizlik Şurasına sədrliyi dövründə bütün üzv dövlətlərlə konstruktiv əməkdaşlığa hazır olduğunu bildirib.