"Özbəkneftqaz" SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov Çinin bir sıra aparıcı neft-qaz şirkətlərinin nümayəndələri ilə qarşılıqlı əlaqələrin vəziyyətini və 2026-cı ildə geoloji-kəşfiyyat işləri, karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Qeyd olunub ki, A.Sanginov "GR Xibu Buling Engineering Company", "China 3 National Logging", "Great Wall Drilling Company" və "New Silk Road Oil and Gas" birgə müəssisəsinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə qazma və geoloji-kəşfiyyat işlərinin effektivliyinin artırılması üçün müasir texnoloji həllərin tətbiqi, həmçinin Çin servis şirkətlərinin iştirakı ilə birgə investisiya və istehsal layihələrinin həyata keçirilməsi imkanları xüsusən diqqət mərkəzində olub.
Görüşün yekununda tərəflər işgüzar əlaqələrin daha da gücləndirilməsində, konstruktiv dialoqun davam etdirilməsində və prioritet istiqamətlər üzrə əməkdaşlığın mərhələli inkişafında qarşılıqlı marağı təsdiqləyiblər.