Honq-Konqun Antikorrupsiya qurumu bu gün iki yaşayış kompleksində təmir işlərinin aparılması ilə əlaqədar korrupsiyada şübhəli bilinən 21 nəfərin saxlanıldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Honq-Konq hakimiyyəti 2025-ci ilin noyabr ayının sonunda baş verən böyük yanğından sonra tikinti və təmir işlərində korrupsiyaya qarşı mübarizəni gücləndirib. Həmin hadisə zamanı yeddi hündürmərtəbəli binada yanğın baş vermiş və 160-dan çox insan həlak olmuşdu.
Şəhər administrasiyasının rəhbəri Con Li dekabrda yanğının səbəblərini və tikinti sektorundakı vəziyyəti, həmçinin podratların bölüşdürülməsində mümkün sövdələşmə faktlarını araşdırmaq üçün müstəqil komissiya yaradıb.
Korrupsiyaya qarşı mübarizə üzrə müstəqil komissiyanın bəyanatında deyilib ki, ötən həftə bina təmiri sahəsində fəaliyyət göstərən triadalarla bağlı korrupsiya şəbəkəsinə qarşı güc əməliyyatları həyata keçirilib.
21 saxlanılan şəxs arasında vasitəçilər, layihə məsləhətçiləri, podratçılar, həmçinin iki yaşayış kompleksinin mülkiyyətçilər korporasiyalarının üzvləri var.