Baş nazir Binyamin Netanyahu danışıqlarda ABŞ dövlət katibi Antoni Blinkeni əmin edib ki, İsrail hakimiyyəti fələstinliləri Qəzza zolağından zorla çıxarmayacaq.
"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Tel-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
"Artıq Baş nazirə dedim ki, Birləşmiş Ştatlar fələstinlilərin Qəzzanın hüdudlarından kənara köçürülməsi ilə bağlı istənilən təklifi birmənalı şəkildə rədd edir. Baş nazir isə bu gün mənə təsdiq etdi ki, bu, İsrail hökumətinin siyasəti deyil", - Blinken bildirib.
O, həmçinin bildirib ki, ABŞ və İsrail diplomatiya yolu ilə Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.
"Biz və İsrail hökuməti hesab edirik ki, diplomatik yol təhlükəsizliyə nail olmaq üçün ən yaxşı yoldur. Məhz buna nail olmaq üçün səylərimizi davam etdirəcəyik", - Blinken deyib.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə müşayiət olunub.
İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.
Bizim Telegram kanalımıza abunə olun