Meteoroloqlar təsdiqləyiblər ki, 2023-cü il rəsmi olaraq 1850-ci ildən bəri bütün müşahidələr tarixində ən isti il olub. Orta illik temperatur sənaye dövründən əvvəlki səviyyədən 1,48 dərəcə yüksək olub, bəşəriyyət Paris sazişində qeyd olunan iki həddən birində olub, onlardan sonra isə alimlər iqlim dəyişikliyinin Yer kürəsindəki həyat üçün fəlakətli nəticələrini proqnozlaşdırır.
Lent.az “BBC”yə istinadla xəbər verir ki, Avropa İttifaqı yanında Kopernik İqlim Mərkəzinin tədqiqatçıları bu gün illik iqlim icmalı dərc ediblər. Sənəddə deyilir ki, 2023-cü il 2016-cı ildəki əvvəlki rekordu böyük fərqlə üstələyib.
“2023-cü ildə bütün müşahidələr tarixində ilk dəfə olaraq il ərzində hər gün 1850–1900-cü illərin sənaye dövründən əvvəlki səviyyəsini 1C dərəcə üstələyib. Praktiki olaraq hər ikinci gün 1850–1900-cü illərə nisbətən 1,5C dərəcədən çox isti idi, noyabr ayındakı iki gün isə ilk dəfə olaraq 2C dərəcəlik həddi keçib”, - deyə icmalda qeyd olunur.
Hələ 2015-ci ildə Parisdə BMT-nin İqlim Dəyişmələri Konfransında demək olar ki, dünyanın bütün ölkələri bu əsrdə qlobal temperaturun artımını sənaye dövründən əvvəlki səviyyədən 2C dərəcə çərçivəsində məhdudlaşdırmaq və ideal olaraq 1,5C dərəcəyə çatdırmamaq barədə razılığa gəliblər.
Paris sazişinin məqsədlərinə nail olmaq getdikcə çətinləşir. Son doqquz il tarixdə ən isti olub, üstəlik ciddi fərqlə.
“2023-cü il müstəsna il olub. İqlim rekordları bir-birini əvəzləyib. Görünür, bu il son 100 min ilin ən isti ili olub”, — deyə Kopernik Mərkəzinin rəhbərlərindən biri Samanta Berces vurğulayıb.
Qeyri-adi 2023-cü ilin iki əsas səbəbi: insan fəaliyyətinin səbəb olduğu qlobal istiləşmə və Sakit okean səthinin istiləşməsi fenomeni olan El-Ninyo.
Kopernik Mərkəzinin məlumatlarına əsasən, dəniz səthinin orta qlobal temperaturu ötən il əksər okean hövzələrində, xüsusilə Şimali Atlantikada sabit və qeyri-adi dərəcədə yüksək qalıb, bu da qlobal temperaturların ümumilikdə artmasında mühüm rol oynayıb.
Okean iqlim üçün əsas əhəmiyyət kəsb edir, çünki Yer kürəsinin səthinin 70 faizindən çox hissəsini əhatə edir və son onilliklərin qlobal istiləşməsinin 90 faizini udub. Cəmi bir neçə on metr dərinlikdə bütün Yer atmosferində olduğu qədər istilik saxlanılır.
Okean nə qədər isti olarsa, enerjini udmaq və bütövlükdə planetdə temperatur artımını hamarlamaq qabiliyyəti o qədər aşağı olur. Burada yaxşı bir məqam yoxdur: “NASA”nın məlumatına görə, son on ildə suyun temperaturu ən azı 200 il ərzində rekord həddə çatıb.
2023-cü ilin iyun-dekabr aylarında hər ay ötən illərin istənilən müvafiq ayına nisbətən daha isti olub. Yeni il rahatlıq gətirmədi. 2023-cü ilin dekabr ayı dünyada bütün müşahidələr tarixində ən isti dekabr ayı olub.