IMG-LOGO

Azərbaycanda ictimai nəqliyyat üçün yeni mərhələ: tarif qərarlarının iqtisadi və ekoloji məntiqi - TƏHLİL

30 Dec 2025 16:42 5 baxış
IMG

Azərbaycan son dövrlərdə urbanizasiya proseslərinin sürətlənməsi, iri şəhərlərdə əhali sıxlığının artması və şəhərətrafı yaşayış zonalarının genişlənməsi nəqliyyat sektorunda mövcud yanaşmaların yenilənməsini zəruri edib. Xüsusilə avtomobil nəqliyyatından istifadənin kəskin artması yol infrastrukturuna düşən yükü artırmaqla yanaşı, ictimai nəqliyyatın səmərəliliyinin yüksəldilməsi məsələsini də aktuallaşdırıb.

Bu şəraitdə dövlət siyasətinin əsas hədəfi ictimai nəqliyyatın dayanıqlılığını təmin etmək, sərnişinlər üçün keyfiyyətli, təhlükəsiz və əlçatan xidmətlər formalaşdırmaqdır. Məhz bu məqsədlə son dövrlər avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar sahəsində institusional və maliyyə islahatlarına xüsusi önəm verilir.

Keyfiyyətli və təhlükəsiz sərnişindaşıma

Ölkədə avtomobil nəqliyyatı ilə sərnişindaşıma sektorunda əsas çağırışlardan biri daşıyıcıların fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təşkilidir. Xidmət keyfiyyəti, təhlükəsizlik standartları, marşrut şəbəkələrinin effektivliyi və sürücü hazırlığı kimi məsələlər uzun illərdir ki, müzakirə mövzusudur.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr 2025-ci il tarixli "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı məhz bu problemlərin kompleks həllinə yönəlib. Sözügedən sənəd ictimai nəqliyyat sektorunun həm texniki, eyni zamanda maliyyə və idarəetmə baxımından gücləndirilməsini nəzərdə tutur.

Fərmandan irəli gələn mühüm addımlardan biri "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun yaradılmasıdır. Fondun formalaşdırılması ictimai nəqliyyat sektorunda davamlı maliyyələşmə mexanizminin qurulmasına xidmət edir. Əsas məqsəd təsadüfi və qeyri-sabit maliyyə mənbələrindən asılılığı azaltmaq, sektora uzunmüddətli investisiyaların cəlb olunmasını təmin etməkdir. Fondun vəsaitləri hesabına ictimai nəqliyyat parkının yenilənməsi, müasir texnologiyaların tətbiqi, elektron bilet sistemlərinin genişləndirilməsi, sərnişin rahatlığını artıran infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Bu isə həm xidmət səviyyəsinin yüksəlməsinə, həm də ictimai nəqliyyata etimadın artmasına səbəb ola bilər. Buna görə də Fondun dayanıqlı maliyyə bazasının formalaşdırılması məqsədilə yanacaq üzrə yol vergisinin artırılması qərarı qəbul olunub. Belə ki, qanunvericilikdə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə 2 qəpik olan yol vergisi 5 qəpik artırılaraq 7 qəpik müəyyənləşdirilib. Bununla bağlı Tarif Şurasının müvafiq qərarında hər litrinə görə benzinin qiyməti 1,10 manatdan 1,15 manata, dizelin qiyməti isə 1 manatdan 1,10 manata dəyişdirilib.

Ekoloji amillər və beynəlxalq çağırışlar

Son illərdə qlobal iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində yanacaq siyasətləri ön plana çıxıb. "Paris Sazişi", Avropa Yaşıl Sövdələşməsi ("European Green Deal") və BMT-nin Davamlı İnkişaf Məqsədləri kimi beynəlxalq öhdəliklər dövlətləri ətraf mühitin qorunmasına yönəlmiş addımlar atmağa sövq edir. Bu kontekstdə yanacaq tariflərinin tənzimlənməsi zamanı ekoloji amillər xüsusi önəm kəsb edir. Beynəlxalq təşkilatlar – Beynəlxalq Enerji Agentliyi (IEA), Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Avropa Ətraf Mühit Agentliyi (EEA) uzun müddətdir ki, dizel yanacağının ətraf mühitə vurduğu zərərin benzinə nisbətən daha yüksək olduğunu vurğulayırlar. Dizel mühərrikləri daha çox azot oksidləri (NOx), hissəcik maddələri (PM2.5 və PM10) və qara karbon emissiya edir ki, bu da hava çirklənməsinə, tənəffüs xəstəliklərinə və iqlim dəyişikliyinə ciddi təsir göstərir.

Ekspertlər dizel və benzin tarifləri arasındakı fərqin azaldılmasını stimullaşdırıcı mexanizm kimi qiymətləndirirlər. Bu yanaşma istehlakçıları daha "təmiz yanacaq" növlərinə, məsələn, benzinin dizelə nisbətən aşağı emissiyalı variantlarına və ya alternativ enerji daşıyıcılarına, keçidə təşviq edir. Uzunmüddətli perspektivdə bu siyasət iri şəhərlərdə hava keyfiyyətinin yaxşılaşmasına, karbon emissiyalarının məhdudlaşdırılmasına və "yaşıl nəqliyyat" konsepsiyasının inkişafına töhfə verə bilər.

Bu məqamda qeyd edək ki, bir çox inkişaf etmiş ölkələr dizel yanacağına tətbiq olunan vergi üstünlüklərini mərhələli şəkildə ləğv edir. Avropa İttifaqında Enerji Vergitutma Direktivinin (ETD) yenidən baxılması çərçivəsində dizel və benzin arasında vergi fərqinin minimuma endirilməsi təklif olunub. 2025-ci ilə qədər bir neçə ölkə – Fransa, Belçika, İsveç və Böyük Britaniya – dizel aksizini benzinin səviyyəsinə qaldırıb. ABŞ-də bəzi ştatlar dizelə əlavə ətraf mühit rüsumları tətbiq edir, Asiya ölkələri isə (Hindistan, İndoneziya) dizel subsidiyalarını azaldaraq elektrik və sıxılmış təbii qaz (CNG) vasitələrinə keçidi dəstəkləyir.

Bu addımlar karbon qiymətləndirmə mexanizmləri ilə uzlaşır və ətraf mühitə daha az zərər vuran texnologiyalara investisiyanı stimullaşdırır. Avropa Ətraf Mühit Agentliyinin 2025-ci ildəki hesabatları göstərir ki, dizel nəqliyyatı hava çirklənməsindən yaranan sağlamlıq problemlərinin əsas səbəblərindən biridir.

Doğrudur, tarif fərqinin azaldılması qısa müddətdə nəqliyyat xərclərini artıra bilər. Lakin bununla bağlı uzunmüddətli faydalar daha çoxdur: hava keyfiyyətinin yaxşılaşması, karbon emissiyalarının azalması və elektrik, hidrogen kimi alternativlərə keçid üçün zəmin yaradılması. Riskləri minimuma endirmək üçün mərhələli keçid, kompensasiya mexanizmləri və alternativ infrastrukturun (elektrik şarj stansiyaları, CNG məntəqələri) inkişafı vacibdir.

Ekoloji amillərin tarif tənzimlənməsində prioritet olması beynəlxalq öhdəliklərə uyğunlaşma və davamlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dizel və benzin arasındakı fərqin azaldılması qısa müddətli çətinliklərə baxmayaraq, uzunmüddətli perspektivdə ətraf mühitin qorunmasına və "yaşıl iqtisadiyyat"a keçidə əhəmiyyətli töhfə verəcək. Bu prosesdə maarifləndirmə kampaniyaları, subsidiyalar və mərhələli yanaşma iqtisadi-sosial balansın saxlanmasına kömək edəcək. Beləliklə, ekoloji hədəflərə çatmaqla yanaşı, cəmiyyətin rifahı da qorunmuş olacaq.

Əldə olunan vəsaitlərin istiqaməti və uzunmüddətli perspektivlər

Tarif dəyişikliklərindən daxil olan vəsaitlərin bir hissəsinin "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduna köçürülməsi isə ən vacib məqamlardan biridir. Bu mexanizm vəsaitlərin şəffaf və effektiv xərclənməsini təmin edərək, toplanan gəlirlərin ictimai nəqliyyatın təkmilləşdirilməsinə qaytarılmasını mümkün edir. Fondun maliyyələşdirəcəyi prioritet sahələr isə bunlardır: avtobus parklarının yenilənməsi və ekoloji təmiz (elektrik, CNG, hibrid) vasitələrin alınması; sərnişin dayanacaqlarının müasir standartlara uyğunlaşdırılması (ağıllı panellər, əlçatanlıq təminatı); yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi (işıqforlar, kameralar, piyada keçidləri); piyada və velosiped infrastrukturlarının genişləndirilməsi (veloyollar, paylaşım sistemləri).

Bu tədbirlər tıxacların minimuma endirilməsinə və şəhər mobilliyində balansın bərpasına zəmin yaradacaq. Beynəlxalq təcrübədə (Londonun tıxac rüsumu, Sinqapurun ERP sistemi) oxşar fondlar vasitəsilə tıxacları 20-30 % azaldılmaqda ictimai nəqliyyatın payı əhəmiyyətli dərəcədə artıb.

Region ölkələri ilə müqayisə

Tarif tənzimlənməsindən sonra belə, Azərbaycanda benzin və dizel yanacağının pərakəndə qiymətləri region ölkələri ilə müqayisədə rəqabətli səviyyədə qalır. Azərbaycanda "Aİ-92" markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Rusiyada dizelin 1 litrinin qiyməti 1,60 manat, Qazaxıstanda 1,06 manat, Özbəkistanda 1,78 manat, Belarusda 1,49 manat, Ermənistan 2,20 manat, Ukrayna 2,35 manat, Türkiyədə isə 2,29 manatdır. Benzinə gəlincə, Rusiyada onun 1 litrinin qiyməti 1,33 manat, Özbəkistanda 1,63 manat, Belarusda 1,42 manat, Ermənistanda isə 2,20 manatdır.

Bütün bunlar qiymət dəyişikliklərinin sosial-iqtisadi amillər nəzərə alınmaqla həyata keçirildiyini və nəqliyyat-logistika sektorunun rəqabət qabiliyyətinin qorunduğunu göstərir. Tranzit potensialı və idxal-ixrac əməliyyatları zərər görmədən, ekoloji və fiskal hədəflərə nail olunur.

Bir sözlə, yanacaq tariflərinin tənzimlənməsi və "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun yaradılması Azərbaycanda nəqliyyat sektorunun ardıcıl modernləşdirilməsinin məntiqi davamıdır. Bu qərarlar region rəqabətliliyini qoruyaraq, sosial tarazlığı saxlayaraq və ekoloji prioritetləri ön plana çıxararaq həyata keçirilir. Nəticədə ölkə daha təhlükəsiz, əlçatan, ekoloji cəhətdən təmiz və iqtisadi cəhətdən səmərəli nəqliyyat modelinə doğru inamlı irəliləyiş əldə edir.

Xəbər lenti