"Baku TV" üçün 2025-ci il peşəkar jurnalistika, beynəlxalq əməkdaşlıqlar və rəqəmsal göstəricilərin güclənməsi baxımından əlamətdar olub.
"Report" xəbər verir ki, "Global Media Group"un üzvü olan "Baku TV" il ərzində operativ xəbərçilik, obyektiv yanaşma və məsuliyyətli jurnalistika prinsiplərinə sadiq qalaraq ölkə daxilində və beynəlxalq media mühitində mövqeyini daha da möhkəmləndirib.
Hesabat dövründə "Baku TV"də beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi uğurla yekunlaşıb. Kanalda keçirilən audit zamanı ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə tətbiq olunan idarəetmə mexanizmlərinin beynəlxalq tələblərə uyğunluğu, funksionallığı və davamlılığı bir daha təsdiqlənib.
Bu il "Baku TV" üçün beynəlxalq media əməkdaşlıqlarının genişləndirilməsi baxımından da mühüm mərhələ olub. İl ərzində "Baku TV" Qazaxıstan və Özbəkistanın aparıcı media qurumları ilə əməkdaşlıq memorandumları imzalayıb. Bu tərəfdaşlıqlar beynəlxalq informasiya mübadiləsinin genişləndirilməsinə və regional media əlaqələrinin inkişafına xidmət edib.
İl ərzində "Baku TV"nin fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media sahəsində göstərilən xidmətlərə görə bir sıra əməkdaşlar "Tərəqqi" medalı və "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif olunublar.
Eyni zamanda, Los-Ancelesdə keçirilən beynəlxalq film müsabiqəsində qalib olan "Söz" qısametrajlı sənədli filminin təqdimat mərasimi də bu ildə keçirilib. Bununla yanaşı, "Baku TV"nin istehsalı olan "Ocaqov dünyası" filmi "Qızıl Pəri 2025" Kino Mükafatına layiq görülüb.
"Baku TV" il ərzində sosial məsuliyyət və dayanıqlı inkişaf istiqamətində də fəallıq göstərərək bir sıra ekoloji tədbirlər, o cümlədən təmizlik aksiyaları və yaşıllaşdırma təşəbbüsləri həyata keçirib.
"Baku TV"nin ən önəmli Korporativ Sosial Məsuliyyət layihələrindən biri olan Rəqəmsal Media Məktəbi çərçivəsində il ərzində 50-dən çox gənc təlimlərdə iştirak edib. Layihə gənclərin peşəkar mediaya hazırlanmasına və müasir jurnalistika standartlarına uyğun kadr potensialının formalaşdırılmasına yönəlib.
Rəqəmsal platformalar üzrə göstəricilər 2025-ci ildə də "Baku TV"nin lider mövqeyini qoruduğunu nümayiş etdirib. Ötən il olduğu kimi, bu il də "YouTube" platformasında "Baku TV"nin ümumi baxış sayı bir milyardı ötüb, abunəçi sayı isə 2 500 000-dən artıqdır.
Bu da kanalın regionun ən çox izlənilən xəbər və informasiya platformalarından biri kimi mövqeyini möhkəmləndirib.