Azərbaycan sosial dövlətdir və vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində vacib addımların atılmasını təmin edir.
Bu fikri "Report"a Milli Məclisin deputatı Vüqar İsgəndərov dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, qəbul edilən qanunlar, həm Nazirlər Kabinetinin qərarları, həm də ölkə başçısının xüsusi nəzarəti altında qiymətlərin tənzimlənməsi və ona nəzarət forması müəyyənləşdirilir:
"Əhalinin dərman vasitələri ilə etibarlı təminatı sahəsində də artıq qiymətlər tənzimlənib və qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir. Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri ilə bağlı tənzimlənmə davamlı olacaq və bu məsələ yeni çağırışlara cavab verəcək.
Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 225 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Beş dərman vasitəsinin qiymətlərinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin də yuxarı həddində dəyişiklik aparılıb".
Deputat xatırladıb ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Nazirlər Kabinetinin müvafiq qərarına uyğun aparılır:
"Məsələn, ticarət adı, təsiredici maddənin adı, dozası, qablaşdırılması, miqdarı, istehsal edən ölkə nəzərə alınmaqla qiymətlərin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin həm də siyahısı dəqiqləşdirilib. Bir dərmanın yuxarı hədd qiyməti artıq konkret olaraq təsdiqlənir. Yəni hər hansı aptek, əczaçı dərmanı həmin qiymətdən aşağı qiymətə sata bilər. Lakin dərmanın həddən yuxarı qiymətə satılması İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət yaradır.
Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, müvafiq qərar əhalinin dərmanlara əlçatanlığının təmin edilməsini asanlaşdıracaq. İnsanların daha çox ehtiyac duyduğu preparatlar, dərmanlar üçün tariflərin müəyyənləşdirilməsi, bundan baha qiymətə satılmasına icazə verilməməsi dərman bazarında da müəyyən sabitliyi təmin edəcək".

