İran Prezidenti Məsud Pezeşkianla Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı ikitərəfli münasibətləri və əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.
Bildirilib ki, prezidentlər həmçinin iki ölkə arasında birgə razılaşmaların həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar.
Məlumata görə, Pezeşkian və Putin dövlətlər arasındakı münasibətlərin strateji xarakterini vurğulayaraq, İran-Rusiya hərtərəfli əlaqələrin inkişafı üçün daimi məsləhətləşmələrin davam etdirilməsi və koordinasiyanın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva İran və Yaxın Şərqdəki digər tərəflərlə əlaqələri davam etdirəcək.
Dekabrın 17-də İranın xarici işlər naziri Abbas Əraqçi Kremldə rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib ki, Tehran ABŞ və İsrail tərəfindən hücumlara məruz qaldığı dövrdə Moskvadan gördüyü dəstəyə görə minnətdardır.
Diplomat əlavə edib ki, bu gün Rusiya və İran arasındakı münasibətlər çoxtərəfli və geniş miqyaslı xarakter daşıyır. Onun sözlərinə görə, strateji münasibətlər haqqında müqavilənin imzalanması iki ölkə arasında əlaqələrin inkişafına əlavə impuls verib.