Məşhur amerikalı müğənni Beyons rəsmi olaraq milyarder olub.
Lent.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazır.
44 yaşlı ulduz həyat yoldaşı Jay-Z, Teylor Svift, Rihanna və Bryus Sprinqstinindən sonra milyarder statusu qazanan beşinci musiqiçi olub. Maraqlıdır ki, bu maliyyə uğuruna çatmasında ona “Cowboy Carter” adlı kantri albomuna həsr olunmuş konsert turu kömək edib. Məhz bu tur cari ilin ən gəlirli konsert turu olub.
“Bu albom ona yeni kommersiya imkanları açdı, NFL-in Milad fasiləsindəki çıxışı və ilin ən çox gəlir gətirən konsert turu isə Beyonsa daha bir fəxri titul – milyarder adını qazandırdı”, – jurnalistlər qeyd edirlər.
Qeyd edək ki, “Halo”, “Run the World” və bir çox digər hitlərin ifaçısı olan Beyons biznes imperiyasını hələ 2010-cu ildə qurmağa başlayıb. Həmin vaxt o, Parkwood Entertainment şirkətini təsis edib və karyerasının bütün istiqamətlərini öz nəzarətinə götürüb. Bir neçə il sonra isə şou-biznesdə nüfuzlu fiqur olmaq istədiyini bəyan edib. Maraqlıdır ki, Beyonsa yalnız konsertlər deyil, əlavə gəlir mənbələri də qazandırır: saç baxımı məhsulları brendi, geyim kolleksiyası və alkoqollu içki markası.
Xatırladaq ki, daha əvvəl rejissor Ceyms Kemeronun da rəsmi olaraq milyarder olduğu bildirilib.
Beyons milyarderlər