IMG-LOGO

Türkiyə şirkəti "Şahdəniz"də hasilatın artırılması ilə bağlı 11 milyon dollarlıq müqavilə imzalayıb

24 Dec 2025 20:32 6 baxış
IMG

Türkiyənin "Hareket Project Transportation" (HPT) şirkəti "Şahdəniz" Kompressiya (ŞDK) platformasının tikintisi üçün mühəndis-texniki, nəqliyyat və kran xidmətləri üzrə 11 milyon ABŞ dolları dəyərində olan müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

"Dekabrın 4-də xüsusi bildirişimizə uyğun olaraq, şirkət, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP-nin təbii qaz hasilatının artırılması üzrə birgə layihəsi çərçivəsində Bakıda dəniz kompressiya qurğusunun tikintisi üçün mühəndislik, nəqliyyat və kran xidmətlərinin göstərilməsi üzrə ikiillik müqavilə imzalayıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, nəhəng "Şahdəniz" qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin "Şahdəniz" yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud "Şahdəniz Bravo" (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.

Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm "Şahdəniz Alfa" (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

Layihə həmçinin "Şahdəniz" müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir. Layihə üzrə tikinti işləri artıq başlayıb. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Xəbər lenti