IMG-LOGO

Aktau qəzasından sağ çıxan Səlihət: "Bir də heç vaxt təyyarəyə minməyəcəm"

23 Dec 2025 14:35 2 baxış
IMG
9 0

Dekabrın 25-i “AZAL”a məxsus təyyarənin Aktauda qəzaya düşməsindən bir il ötür. O elə bir qəza idi ki, yalnız hadisə şahidlərinin, onların yaxın-qohumlarının deyil, bütün azərbaycanlıların ürəyini oraya - Aktauya apardı. Görünməsə də, hamımızın duaları orada idi.

Hadisə şahidlərindən biri, qəzadan möcüzə nəticəsində sağ çıxan, Zaqatala sakini Səlihət Ceerovanı avar dilində “Narahat olma, ana. Mən yaxşıyam. Atamı görməmişəm. İnşallah müalicə alıb qayıdacam”, - dediyi videosundan tanıyırıq. Həmin qəzada Səlihət tək deyildi, atası Xizri Ceerov ilə birlikdə Qroznıya gedirdi.

Lent.az-ın əməkdaşı 1 il sonra Səlihət ilə həmsöhbət olub.

Səlihət deyir ki, o, qəza ilə bağlı bəzi şeyləri unudub:

“Atam Qroznıya işləməyə, mən də əmimgildə 1 ay istirahət etməyə gedirdim. Təyyarədə hər şey normal idi, qeyri-adi nə isə hiss eləmirdim, birdən partlayış səsi eşitdim. Həmin an kəndimizdən olan bir kişi də mənim qarşımdakı yerdə, pəncərənin kənarında oturmuşdu. Bir an gördüm ki, ona qəlpə dəydi, bəlkə də, təyyarənin qopan hissəsi idi, amma yadımda qəlpə qalıb. Atam yanımda oturmuşdu, o durdu ki, kişiyə baxsın, görsün nə olub, elə həmin an ikinci partlayış oldu, ayağımdan zədə aldım. Atam məni qorumaq üçün dedi ki, sən mənim yerimə keç. Kəmərimi bağladı, özü isə arxada oturdu. Həmin vaxt atamla danışırdım, sual verirdim ki, nə vaxt enəcəyik, nə baş verir? Təyyarənin parçalanıb, aşağı düşdüyü an isə yadımda qalmayıb, beynimdən silinib”.

Səlihət deyir ki, təyyarə yerə enəndə o kəmərdən asılı vəziyyətdə qalıbmış: 

“Kəndimizdən bir kişi dedi ki, sən kəmərdən asılı qalmışdın. Kəmərimi açın, xilas eləyin məni, deyirdin. Düzdür, bunu özüm xatırlamıram, amma o, mənə elə dedi. Kəmərim açılandan sonrakı hissə yadıma gəlir. Məni təyyarədən çıxarmışdılar, yanımda Balakəndən bir oğlan var idi. Onunla birlikdə xəstəxanaya apardılar. Elə yaddaşım da burada sonlandı, dahasını xatırlaya bilmirəm”.

Atamın ölümünü mənə çox gec dedilər:

“Qəza anında atamın harada olduğunu, vəfat edə biləcəyi ehtimalı düşünə bilmirdim, özümdə deyildim, həkimlər deyir ki, xəstəxanaya çatdırılanda 2 faiz qanım qalıbmış bədənimdə. Səhv etmirəmsə, yanvarın 10-u dedilər ki, atan dünyasını dəyişib. Xəstəxanadan da, 23-ü çıxdım”.

Bundan sonra bir də heç vaxt təyyarəyə minməyəcəm:

“İndidən belə, təyyarəyə minən deyiləm, qorxuram. Gələcək planlarımla bağlı da hələ ki, fikrim yoxdur. İndi Zaqatalada qalırıq, 4 yaşlı qardaşım, 18 yaşlı bacım var. Bilirsiniz, mən hələ də, deyə bilmirəm ki, şanslıyam, ya əksinə. Düzdür, qəzadan sağ çıxdım, bu möcüzə idi, amma atamı itirdim, o mənim üçün hər şey idi. 1 il keçib, hələ də unuda bilmirəm o anları, yaşadığım stressi...”

“Bu şəkil məni Qazaxıstandan Bakıya gətirdikləri vaxt çəkilib. Yanımdakı oyuncağı qazaxıstanlı xanım psixoloq mənə hədiyyə etmişdi”.

Aktau qəzası Səlihət Ceerova Zaqatala sakini AZAL təyyarəsinin qəzası AZAL təyyarəsində sağ çıxan sərnişinlər

Xəbər lenti