2006-cı il fevralın 23-də Moskvada baş verən hadisə bu gün də Azərbaycan sərhədlərindən kənarda soydaşlarımızla bağlı yaşanmış ən böyük faciələrdən biri hesab olunur. 45 Azərbaycan vətəndaşının həyatına son qoyan faciə 1975-ci ildə inşa olunan və Moskvanın Bauman küçəsində yerləşən Basman bazarı ilə bağlıdır. Bazar o zamanlar SSRİ-də dəb olan proqressiv memarlıq üslubunda, dayaqsız günbəz konstuksiyası əsasında inşa olunmuşdu. 31 il sonra baş verəcək faciədə də məhz bu yanlış memarlıq üslubu önəmli rol oynayacaqdı.
2006-cı il fevralın 23-ü Moskva vaxtı ilə 05:20-də Basman bazarının günbəzi uçdu. Bu zaman bazarın binasında 100-ə qədər insan var idi. Dağıntıların miqyası 3 min kvadrat metr ərazini əhatə edirdi.
Xilasetmə əməliyyatlarına Moskvanın bütün axtarış-xilasetmə dəstələri, Rusiya Fövqəladə Hallar Nazirliyinin Dövlət Mərkəzi Xilasetmə Dəstəsinin, digər nazirlik və idarələrin nümayəndələri cəlb olunmuşdu. Günbəzin dəmir-beton konstuksiyasının geniş sahədə çökməsi, qarlı hava şəraiti xilasetmə işlərini çətinləşdirir, dağıntılar altında qalan insanların xilas edilməsini çətinləşdirirdi. Bu çətinliyə başlayan yanğın da əlavə problem yaradırdı. Belə ki, Basman bazarının boya anbarlarından birində yanğın olmuşdu. Bu şəraitdə xilasetmə işləri 2 gün ərzində aparılmışdı.
Basman bazarının çökməsi nəticəsində 68 nəfər həlak olmuş, 33 nəfər isə xilas edilmişdi. Ölənlər arasında 45 Azərbaycan, 7 Gürcüstan, 16 Taciksitan və Özbəkistan vətəndaşı var idi.
Həlak olan azərbaycanlıların cənazələri xüsusi reyslə Moskvadan Bakıya daşındı.
Dağıntı ilə bağlı araşdırma aparan Moskva hökumət komissiyasının üzvləri belə qənaətə gəliblər ki, orijinal layihəli bina 30 il ərzində düzgün istismar olunmayıb. Ümumiyyətlə, istifadəyə verildiyi vaxtdan bəri bazarın binasında heç bir əsaslı təmir aparılmamışdı.
Bütün bu müddət ərzində damda heç kimin təmizləmədiyi qar və yağış suları yığılıb. Su tıxanmış kanalizasiya borularından axıb keçə bilmədiyi üçün içəridəki hidroizolyasiya dəliklərdən keçərək əsas metal konstuksiyalarının üzərinə axıb. Uzun illər ərzində bazar rəhbərliyinin səhlənkarlığı və təmizləmə işləri aparmaması səbəbilə həmin metal konstuksiyalar suyun təsiri ilə korroziyaya uğrayıb. 2006-cı il fevralın 23-də həmin bazarın günbəzini saxlayan paslanmış troslardan biri qopub. Bu zaman deformasiyaya uğramış beton konstuksiyalar çöküb və Basman bazarının damı çöküb.
Yanlış tikintisi zamanı yol verilən konstuksiya yanlışlıqları, 31 il ərzində bazarda əsaslı təmir işlərinin aparılmaması, təhlükəsizlik qaydalatının pozulması və bazar rəhbərliyinin səhlənkarlığı 68 insanın ölümünə yol açdı.
Bazarın direkoru Mark Mişiyev fevralın 24-də həbs edilmiş və ona qarşı RF Cinayət Məcəlləsinin 109-cu maddəsi – “Vəzifəli şəxsin öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıq üzündən iki və daha çox adamın ölməsi” maddəsi üzrə ittiham irəli sürülmüşdür.
İstintaq hesab edirdi ki, Mark Mişiyev təhlükəsizlik qaydalarına riayət olunması üzrə üzərinə düşən vəzifələri kobud şəkildə pozmuş, binanın texniki vəziyyətinin monitorinqini təşkil etməmiş, onun düzgün istismarı, təmir olunması üçün tədbirlər görməmiş və otaqların quruluşunun özbaşına dəyişdirilməsinə dəfələrlə yol vermişdir.
Amma Basman bazarının çökməsi ilə bağlı cinayət işi sona qədər aparılmadı. Bazarın direktoru saxlanılsa da, 2 həftə sonra o, azadlığa buraxıldı və cinayət işinə xitam verildi. 2008-ci ildə istintaq çökmənin səbəbkarlarının olmadığını açıqladı və bazarın yerində yaşayış binası tikildi.
Beləliklə, 68 nəfərin, o cümlədən 45 azərbaycanlının həyatına son qoyan faciəyə görə heç kəs məsuliyyətə cəlb olunmadı.