Sankt-Peterburq sakinləri bu qış başlayandan bəri ən soyuq gecəni yaşayıblar. “Fobos” meteoroloji mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, səhər saat altıda şəhər meteostansiyasında havanın temperaturu -20,9 dərəcə olub ki, bu da dünənkindən 2,6 dərəcə aşağıdır.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, eyni zamanda, Leninqrad vilayətində şaxtalar -30 dərəcə həddini keçib. Ən aşağı temperatur havanın -31,3 dərəcəyə endiyi Tixvin şəhərində olub.
Leus xəbərdarlıq edib ki, soyuqlar hələ pik həddə çatmayıb. “Yaxın iki gündə həm Moskvada, həm də Sankt-Peterburqda şaxtanın həddi bir neçə dəfə dəyişəcək”, - sinoptik bildirib.
Sankt-Peterburqun baş sinoptiki Aleksandr Kolesovun sözlərinə görə, yaxın iki gün şimal paytaxtda və regionda ən şaxtalı havalar hökm sürəcək. Sankt-Peterburqda havanın temperaturu -25, -30 dərəcəyə enəcək. “Şəhərin tarixində yanvarın 8-nə qədər mərkəzdə hələ 30 dərəcə şaxta qeydə alınmamışdı” deyən Kolesov 2002 və 1950-ci illərdə havanın temperaturunun yalnız -25 dərəcəyə düşdüyünü vurğulayıb.
Sinoptik əlavə edib ki, yanvarın 5-dən 6-dək şaxtanın zəifləməsi gözlənilir, lakin havanın temperaturu yalnız -15, -20 dərəcəyə qədər yüksələcək.
Qeyd edək ki, Sankt-Peterburqda şaxta ilə əlaqədar hava təhlükəsinin “narıncı” səviyyəsi elan edilib.