IMG-LOGO

Stalinlə Lenin arasında mübahisə - 101 il əvvəl SSRİ necə yaradıldı?

30.12.2023 18:36 111 baxış
IMG

101 il əvvəl, 1922-ci il dekabrın 30-da dünya xəritəsində Sovet Sosialist Respublikaları İttifaqı yarandı.

Lent.az 69 il mövcud olan, 22,4 milyon kvadrat kilometr sahəsi ilə dünyanın quru ərazilərinin 6-da 1-ni əhatə edən SSRİ-nin yaranma tarixinə nəzər salır.

SSRİ-nin yaradılması haqqında Bəyannamə və Müqavilə 1922-ci il dekabrın 30-da Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), Ukrayna SSR, Belorus SSR və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (ZSFSR) nümayəndələrinin iştirakı ilə Sovetlərin I Ümumittifaq Qurultayında qəbul edildi. Hadisə Moskvada Böyük Teatrın binasında baş tutmuşdu. Hadisə dünya tarixi baxımından da çox önəmli idi. Belə ki, 1917-ci ilin oktyabr çevrilişindən sonra hakimiyyəti ələ alan bolşeviklər Rusiya İmperiyasının keçmiş ərazilərində ideoloji və siyasi quruluş baxımından tarixdə ilk sosialist dövlət qurmağa, dövlət nizamını kökündən dəyişməyə iddialı idilər.

SSRİ-nin yaradılması haqqında Müqavilə 1924-cü il ildə ilk Sovet Konstitusiyasının əsasını qoydu və 1991-ci ilə qədər formal olaraq qüvvədə qaldı. Qəbul edilmiş bəyannamədə dövlətlərin birləşməsinin səbəbləri, prinsipləri və məqsədləri göstərilmişdi. Ən mühüm prinsip xalqların öz müqəddəratını təyin etmək hüququ, son məqsəd isə Ümumdünya Kommunist Respublikaları İttifaqının yaradılması idi.

Amma 1922-ci il 30 dekabr müqaviləsinə gedən yol asan olmadı. Rusiyadakı bolşeviklər Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan və Ermənistanda hakimiyyəti zor gücü ilə ələ alsalar da, yeni dövlətin forması sual altında idi.

Ukrayna SSR, Belarus SSR və Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu ZSFSR nümayəndələri RSFSR ilə birləşməyə hazır idilər, lakin bunun bərabər əsasda və milli xüsusiyyətlərin qorunması yolu ilə həyata keçirilməsini istəyirdi. Bu, mərkəzi hakimiyyət üzərində monopoliyasını itirmək istəməyən Moskva ilə fikir ayrılığına səbəb oldu.

1920-ci illərin əvvəllərində sovet respublikalarının birləşdirilməsinin iki fərqli planı meydana çıxdı. İlk “avtonomlaşdırma” (muxtariyyətləşdirmə) layihəsini o vaxt RSFSR-in Millətlər üzrə Xalq Komissarı olmuş İosif Stalin təqdim etdi. Bu plan respublikaların muxtariyyət hüququ ilə RSFSR-in tərkibinə daxil olmasını nəzərdə tuturdu. Eyni zamanda, bu Moskvanın və ümumrusiya qanunvericiliyinin səlahiyyətlərini yeni ərazilərə yayılacaqdı.

Əslində Stalinin planı yeni dövlətin birləşməsini və formalaşmasını deyil, faktiki olaraq, qalan Sovet respublikalarının Rusiyaya daxil olmasını nəzərdə tuturdu. Vladimir Lenin Stalinin ideyasını tənqid etdi və ona əks olan “federativ planı”nı irəli sürərək bərabər birlik münasibətlərinin tərəfdarı olduğunu dedi. Lenin gələcəkdə Avropa və Asiyanın qeyri-kapitalist ölkələrinin İttifaqa daxil olması ehtimalı ilə respublikalar arasında bərabərhüquqlu müqavilələrin bağlanmasını təkid edirdi.

Bu, yeni Konstitusiyanın yaradılmasını və bütün respublikaların təmsil olunduğu federal hakimiyyət orqanlarının formalaşdırılmasını nəzərdə tuturdu. Vyaçeslav Molotovun sədrliyi ilə 1922-ci il sentyabrın 23-24-də iclas keçirən Konstitusiya Komissiyası Stalinin hazırladığı planı təsdiqlədi. Ertəsi gün komissiyanın materialları Qorki şəhərində (indiki Nijni Novqorod) olan Leninə, eləcə də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinın (RKP MK) bütün üzvlərinə göndərildi. “Avtonomlaşdırma” planı Mərkəzi Komitənin oktyabrın 5-nə təyin edilmiş plenumunda təsdiq edilməli idi.

Konstitusiya layihəsini oxuyandan sonra Lenin izahat üçün Stalini Qorkiyə çağırdı, sonra hər ikisi öz etirazlarını RKP MK Siyasi Bürosuna göndərdi. Lenin Konstitusiya layihəsinə bir sıra düzəlişlər edərək, yeni birliyin “Avropa və Asiya Sovet Respublikaları İttifaqı” adlandırılmasını təklif etdi. Həmin gün o, Siyasi Büro üzvlərinə “SSRİ-nin yaradılması haqqında” nota yazdı və orada RSFSR-in özünü və digər respublikaları hüquq baxımından bərabər tanıması və “onlarla birlikdə ittifaqa daxil olması haqqında” fikrini bildirdi.

Dünya proletariatının lideri olan Vladimir Leninin nüfuzu ağırlaşan xəstəliyinə baxmayaraq, şübhəsiz idi. 1922-ci il dekabrın 30-da Moskvada Sovetlərin I Ümumittifaq Qurultayında Leninin hazırladığı “federativ plan” əsasında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı.

1920-1930-cu illərdə SSRİ-nin tərkibində ittifaq respublikalarının sayı artdı. 1924-1925-ci illərdə Orta Asiya sovet respublikalarının milli-dövlət sərhədi müəyyən edildikdən sonra Özbəkistan və Türkmənistan respublikaları müttəfiq kimi SSRİ-nin tərkibinə daxil oldular. Qazaxıstan və Qırğızıstan RSFSR tərkibində muxtar respublika statusu alır, Tacikistan Muxtar Respublikası isə Özbəkistan SSR-in tərkibinə daxil olur. 1936-cı il Konstitusiyasına əsasən SSRİ-nin tərkibinə Rusiya Federasiyası, Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan ittifaq sovet sosialist respublikaları kimi daxil edildi. 1940-cı ildə Baltikyanı dövlətlərin və Bessarabiyanın ilhaqı ilə SSRİ-nin tərkibinə Latviya, Litva, Estoniya və Moldova ittifaq respublikaları daxil oldu.

SSRİ 1991-ci ilin dekabrında beynəlxalq hüququn subyekti və geosiyasi reallıq kimi fəaliyyətini dayandırdı.

Xəbər lenti