Son dövrlər taksi xidmətlərindən istifadə edən vətəndaşlar bir sıra narahatedici hallarla üzləşdiklərini bildirirlər. Belə ki, tətbiqdə sifariş zamanı göstərilən avtomobilin markası və dövlət qeydiyyat nişanı ilə faktiki olaraq ünvana gələn avtomobil arasında ciddi uyğunsuzluq müşahidə olunur. Sərnişinlərin sözlərinə görə, proqramda nisbətən yeni və fərqli marka avtomobil qeyd olunsa da, sifariş zamanı daha köhnə və tamam başqa bir nəqliyyat vasitəsi gəlir.
Avtomobil normal texniki vəziyyətdə görünsə belə, tətbiqdə qeyd olunan nəqliyyat vasitəsinin gəlməməsi təhlükəsizlik və etibarlılıq baxımından ciddi narahatlıq doğurur. Xüsusilə də sürücünün və avtomobilin məlumatlarının əvvəlcədən yoxlanıldığı iddia edilən platformada belə uyğunsuzluqların baş verməsi məsuliyyət məsələsini gündəmə gətirir.
Bəs görəsən, belə hallarda məsuliyyət kimə aiddir – taksi şirkətinə, yoxsa sürücüyə?
Lent.az-ın soruğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, fotodakı avtomobilin nömrəsi fərqli olduqda, dərhal həmin nəqliyyat vasitəsi operator tərəfindən blok edilir və bir daha sifariş ötürülmür:
“Taksi sifarişi operatorları qarşısında öz sistemlərində nəqliyyat vasitələrinə nəzarət edilməsi üçün funksionallıqlar yaradılması ilə bağlı tələblər qoyulub. Gün ərzində sürücüyə avtomobili fotonəzarətdən keçirmək üçün sorğu göndərilir və sürücü həmin sorğuya mütləq şəkildə cavab verməlidir. Əgər cavab verməsə və ya fotodakı avtomobilin nömrəsi fərqli olsa, dərhal həmin nəqliyyat vasitəsi operator tərəfindən blok edilir və bir daha sifariş ötürülmür. Sürücü sorğuya cavab verərkən avtomobilin fotosunu yerində çəkməlidir, əvvəlcədən çəkilən şəkil əlavə edə bilməz.
Eyni zamanda, AYNA tərəfindən taksi sifarişi operatorlarının sürücülər üçün istifadə etdiyi mobil tətbiqlərdə üztanıma funksiyasının tətbiqi də həyata keçirilir. Taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur. “Bolt”, “Uber” və “Yango” tətbiqinə “SİMA” texnologiyasının inteqrasiyası bu kimi halların qarşısının alınması istiqamətində mühüm bir addımdır və effektiv nəzarət mexanizmi təqdim edir. Bu texnologiyanın tətbiqi, sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.
Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”.
Taksi Taksi operatorları AYNA BOLT UBER YANGO Mobil tətbiq