Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə xuliqanlıq etməkdə və sağlamlığa qəsdən zərər vurmaqda təqsirləndirilənlər - Cahid Rasulov və Əli Abbasovun cinayət işi üzrə məhkəmə hazırllq iclası keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib. Zərərçəkənlər arada barışıq əldə edilmədiyini və şikayətçi olduqlarını bildiriblər. Məhkəmə tərkibi baxış iclasını 20 iyul saat 16:30-a təyin edib.
Xatırladaq ki, 22 yanvar 2026-cı il tarixdə Cahid Rasulov tanışı Əli Abbasovla birlikdə Səbail rayonunun 20-ci yaşayış sahəsində yerləşən "Fəhlə əli" parkında olarkən tanışı Həsrət İsmayılovla birlikdə qarşıdan gələn Röyal Qəniyevin çiyninə qəsdən vuraraq onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra Qəniyevə zərbə vuraraq yerə yıxıb və onun cibindən 2400 manatlıq "İphone 17 Pro" və 400 manat dəyərində olan "İphone XR" telefonlarını götürüb .Cahid Rasulov buna mane olmaq istəyən Həsrət İsmayılova iki bıçaq zərbəsi vuraraq ona ağır bədən xəsarətləri yetirib.Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs Cinayət Məcəlləsinin 126.2.1 (Qəsdən sağlamlığa ağır zərər vurma -iki və ya daha çox şəxsə qarşı habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) 177.2.5 (Oğurluq - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) 221.3 ( Xuliqanlıq - eyni əməllər) 228.5 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddə və ya qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə məsuliyyətə cəlb olunublar.
HadisələrMənbə: lent.az