Paltaryuyan maşın almaq istəyənlərin qarşısına ən çox çıxan markalar Samsung və LG olur. Hər iki istehsalçı müasir texnologiyalar və geniş model seçimi ilə bazarda lider mövqedə olsa da, mütəxəssislər və istifadəçilər onların arasında daha etibarlı markanı müəyyənləşdiriblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, istifadəçi məmnuniyyəti baxımından LG markası daha yüksək qiymətləndirilib.
Hər iki şirkət əsasən orta və premium seqmentdə yer alan paltaryuyan maşınlar istehsal edir. Onların çeşidinə ön və yuxarı yükləməli modellər, yuyucu-quruducu kombinasiyaları, həmçinin paltaryuyan qüllələr daxildir. Qiymətlər isə adətən 1000 dollardan başlayır.
Əsas fərq nədədir?Mütəxəssislər bildirirlər ki, Samsung daha çox süni intellekt funksiyalarına və "ağıllı ev" texnologiyalarına üstünlük verir. LG isə geniş tutum, istifadə rahatlığı və praktik xüsusiyyətlərə fokuslanır.
Reviewed portalının apardığı müqayisəli sınaqlarda hər iki markanın modelləri yüksək nəticə göstərib.
Samsung paltaryuyan maşınları ləkələri effektiv təmizləməsi və müasir dizaynı ilə diqqət çəkib. Bununla yanaşı, bəzi istifadəçilər idarəetmə panelinin mürəkkəb olduğunu və yuma prosesi bitdikdən sonra verilən səs siqnalının həddindən artıq yüksək səsləndiyini qeyd ediblər.
LG modelləri isə sürətli və keyfiyyətli yuma, güclü ləkə təmizləmə imkanları və böyük tutumu ilə müsbət qiymətləndirilib. İstifadəçilər yalnız bəzi hallarda parçaların zamanla bir qədər tez köhnələ biləcəyini bildiriblər.
Niyə LG birinci seçildi?Qiymətləndirmənin yekununda LG bir neçə üstünlüyünə görə rəqibini geridə qoyub. Mütəxəssislərin fikrincə, bu markanın servis xidmətləri daha əlçatan, təmir xərcləri daha aşağı, ehtiyat hissələrinin tapılması isə daha asandır.
Eyni nəticə sosial şəbəkələrdə də müşahidə olunub. Reddit platformasında istifadəçilərin böyük əksəriyyəti LG-ni daha etibarlı hesab edib. Samsung istifadəçiləri isə bəzi modellərin mürəkkəb idarəetməyə malik olduğunu və etibarlılıq baxımından gözləntiləri doğrultmadığını yazıblar. Hətta bəzi təmir ustalarının müştərilərə Samsung paltaryuyan maşınlarını almamağı tövsiyə etdikləri də qeyd olunub.
Nəşr sonda belə qənaətə gəlib ki, uzunömürlü və etibarlı paltaryuyan maşın axtaranlar üçün LG daha uğurlu seçim hesab olunur. Samsung isə funksional və estetik baxımdan maraqlı modellər təqdim etsə də, istifadəçilərin çoxsaylı iradları nəzərə alınmalıdır.
paltaryuyan maşınMənbə: lent.az