IMG-LOGO

Qabları paltaryuyan tozla yumaq olar?

13 Jul 2026 13:37 3 baxış
IMG
0 0

Qab yuyan maye bitəndə bəzi insanlar müvəqqəti çıxış yolu kimi paltaryuyucu tozu və ya yuyucu geli istifadə etməyi düşünür. İlk baxışdan hər iki məhsulun təmizləyici xüsusiyyətə malik olması bunu məntiqli göstərsə də, mütəxəssislər bunun sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edib.

Paltaryuyan tozu və yuyucu gellər paltarların yuyulması üçün hazırlanıb. Onların tərkibində ləkələri çıxaran aktiv maddələr, fermentlər, ətirləndiricilər və digər kimyəvi komponentlər olur. Bu maddələr qab-qacaq üzərində istifadə üçün nəzərdə tutulmayıb.

Mütəxəssislərin sözlərinə görə, qablar yuyulduqdan sonra dəfələrlə su ilə yaxalansa belə, yuyucu vasitənin qalıqları tam təmizlənməyə bilər. Bu hissəciklər daha sonra qida ilə birlikdə insan orqanizminə düşə bilər.

Bunun hansı fəsadları ola bilər?

Həkimlər bildirirlər ki, paltaryuyan tozundan bir dəfə istifadə ciddi problem yaratmaya bilər. Ancaq bunu vərdiş halına gətirmək tövsiyə edilmir.

Belə vasitələrin qalıqlarıağız və həzm sistemi selikli qişasını qıcıqlandıra, həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər. Həmçinin qida ilə birlikdə orqanizmə daxil ola, qabların üzərində gözlə görünməyən kimyəvi qat yarada bilər.

Bu səbəbdən istehsalçılar da paltaryuyan vasitələri qab-qacaq üçün təhlükəsiz məhsul kimi sınaqdan keçirmirlər.

Qab yuyan maye yoxdursa, nə etmək olar?

Mütəxəssislər belə vəziyyətdə daha təhlükəsiz üsullardan istifadə etməyi məsləhət görürlər.

Əgər qab yuyan maye qabının dibində az miqdarda qalıbsa, üzərinə bir qədər su əlavə etməklə ondan bir neçə dəfə də istifadə etmək mümkündür.

Yağlı qabları isə 15-20 dəqiqə isti suda islatdıqdan sonra süngər və ya fırça ilə təmizləmək daha asan olur.

Belə halların təkrarlanmaması üçün evdə ehtiyat qab yuyan maye saxlamaq da tövsiyə edilir.

Digər məişət kimyəvi vasitələrindən istifadə etmək olarmı?

Mütəxəssislər bildirirlər ki, döşəmə, hamam, sanitar qovşağı və ya digər səthlər üçün nəzərdə tutulan təmizləyici vasitələr də qab-qacağın yuyulması üçün uyğun deyil.

Onlar yağ və çirki yaxşı təmizləsələr də, tərkibləri qida ilə təmasda olan əşyalar üçün təhlükəsiz hesab edilmir.

Ekspertlərin fikrincə, ən doğru seçim xüsusi qab yuyan vasitələrdən istifadə etməkdir. Belə vasitə olmadıqda isə qabları isti suda isladıb mexaniki şəkildə təmizləmək daha təhlükəsiz hesab olunur.

paltaryuyan toz qab yumaq ev təmizlik

Mənbə: lent.az

Xəbər lenti