Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları bir həftə ərzində üçüncü dəfə Xəzər dənizindəki Rusiya neft hasilatı platformalarına zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukraina" mənbələrə istinadən məlumat yayıb.
Bu dəfə "Alfa" xüsusi əməliyyatlar mərkəzinin uzaqmənzilli dronları "Lukoil-Nijnevoljskneft" şirkətinin Korçagin yatağındakı platformasını vurub. Hücum nəticəsində avadanlıq zədələnib və obyektin istehsal prosesi dayandırılıb.
Bundan əvvəl, 11 və 12 dekabrda dronlarla Filanovski və Korçagin yataqlarındakı platformalara hücum edilib. Filanovski yatağı Rusiyanın və onun Xəzər dənizi sektorunun ən iri yataqlarından biridir: ehtiyatları 129 milyon ton neft və təxminən 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir.