Ən vacib təqdimat, iş müsahibəsi və ya ictimai çıxış öncəsi həyəcanlanmaq normal haldır. 25 illik təcrübəyə malik amerikalı psixoterapevt Emi Morinin sözlərinə görə, özünəinamı qısa zamanda artırmağın ən təsirli yollarından biri "alter eqo" yaratmaqdır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki mütəxəssisin sözlərinə görə, bu üsuldan vaxtilə amerikalı müğənni Beyons, britaniyalı müğənni Adel və əfsanəvi basketbolçu Kobi Brayant da istifadə ediblər.
Emi Morin izah edir ki, insan özünə şübhə etdikdə beyin diqqətini qarşıdakı vəzifəyə deyil, mümkün uğursuzluqlara yönəldir. "Alter eqo" isə insana qorxularından psixoloji baxımdan uzaqlaşmağa və özünü daha inamlı biri kimi hiss etməyə kömək edir.
Beyons karyerasının ilk illərində səhnəyə çıxmazdan əvvəl "Saşa Firs" adlı "alter eqo"suna çevrildiyini deyirdi. Müğənninin sözlərinə görə, konsert geyimini geyinib səhnəyə çıxdığı anda duruşu, danışıq tərzi və özünəinamı tamamilə dəyişirdi.
Psixoloqlar bu effekti "özündən məsafələnmə" mexanizmi ilə izah edirlər. İnsan özünü başqa biri kimi təsəvvür etdikdə və ya özünə üçüncü şəxsin dilindən müraciət etdikdə, beyin emosiyalara daha az, məntiqi düşüncəyə isə daha çox fokuslanır.
Bu nəzəriyyə uşaqlar üzərində aparılan araşdırma ilə də təsdiqlənib. Təcrübə zamanı bir qrup tapşırığı öz adı ilə yerinə yetirib, digər qrup özünə üçüncü şəxsdə müraciət edib, üçüncü qrup isə özünü Betmen kimi superqəhrəmanların yerində təsəvvür edib. Ən uzun müddət diqqətini qoruyaraq tapşırığı yerinə yetirənlər məhz özünü uydurma qəhrəman kimi təqdim edən uşaqlar olublar.
Mütəxəssis bu üsuldan istifadə etmək üçün əvvəlcə cəsarət, sakitlik və ya qətiyyət kimi xüsusiyyətləri ilə seçilən bir insanı və ya obrazı müəyyənləşdirməyi tövsiyə edir. Vacib hadisədən əvvəl isə özünüzə "Bu insan mənim yerimdə olsaydı, nə edərdi?" sualını vermək, onun duruşunu, danışıq tərzini və davranışını təsəvvür edərək tətbiq etməyə çalışmaq tövsiyə olunur.
Emi Morin vurğulayır ki, məqsəd başqa birinə çevrilmək deyil, özünəinam çatışmazlığı səbəbindən görülməyən ən yaxşı keyfiyyətlərinizi ortaya çıxarmaqdır. O, bu texnikanı əvvəlcə daha az stress yaradan vəziyyətlərdə sınaqdan keçirməyi, daha sonra isə mühüm hadisələrdə tətbiq etməyi məsləhət görür.
özünəinam psixologiyaMənbə: lent.az