Azərbaycanın iqtisadi inkişaf strategiyası çərçivəsində reallaşdırılan təşəbbüslər nəticəsində ölkənin bir çox sahələrində olduğu kimi kənd təsərrüfatı sektoru da dinamik şəkildə inkişaf edir. Qeyri-neft ixracının genişləndirilməsində əhəmiyyətli rol oynayan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO yerli istehsalçıların beynəlxalq bazarlarda mövqelərini gücləndirir, eyni zamanda "Made in Azerbaijan" brendinin tanıdılmasına dəstək göstərir. Bu fəaliyyətlər Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektoru üzrə rəqabət qabiliyyətinin artmasına töhfə verir.
Bu istiqamətdə uğurlu nümunələrdən biri 2017-ci ildə əsası qoyulan "Azerbaijan Fish Farm" MMC (AFF) şirkətidir. Bu gün Azerbaian Fish Farm ölkənin akvakultura sahəsinə töhfə verərək balıq əti və qara kürü istehsalı sahəsində lider müəssisələrdən biri kimi tanınır. Şirkətin uğur hekayəsi təkcə istehsal göstəriciləri ilə deyil, həm də ölkəmizin zəngin akvakultura irsinin bərpası, ekoloji tarazlığın qorunması və davamlı inkişaf prinsiplərinə sadiqliyi ilə fərqlənir.
Azerbaijan Fish Farm-ın fəaliyyətinin təməli 1954-cü ildə yaradılmış və dünyada ilk dəfə nərəkimilərin süni şəkildə yetişdirildiyi təsərrüfatın – Kür-təcrübi Nərə Balıqartırma Zavodunun yenidən dirçəldilməsi ideyası ilə qoyulub. Bu təsərrüfat Azerbaijan Fish Farm-ın təşəbbüsü ilə müasir texnologiyalar əsasında bərpa olunub və hazırda elmi və ekoloji bərpa mərkəzinəə çevrilib. Müəssisə Xəzər dənizinin sahilində yerləşərək onun təbii mühitindən səmərəli istifadə edir, nərə, qızılbalıq və digər qiymətli növlərin yetişdirilməsi ilə yanaşı, nəsli kəsilməkdə olan balıqların qorunmasına da töhfə verir. Azerbaijan Fish Farm xüsusilə saf genetik xüsusiyyətlərə malik endemik nərə növlərinin artırılması ilə fərqlənir, bu sahədə regional və beynəlxalq səviyyədə unikal mövqeyə sahibdir. Müasir avadanlıqlar, nəzarət edilən su keyfiyyəti göstəriciləri və innovativ biotexnoloji üsullar sayəsində burada yetişdirilən akvakultura məhsulları beynəlxalq standartlara cavab verir.
Azerbaijan Fish Farm-ın beynəlxalq fəaliyyəti də diqqət mərkəzindədir. AZPROMO-nun dəstəyi ilə şirkət 2025-ci ildə ABŞ, İspaniya, Çin, Singapur və Cənubi Koreyada keçirilən dəniz məhsullarının nümayiş etdirildiyi beynəlxalq qida sərgilərində iştirak edərək Azərbaycan kürüsünü tanıdıb. Bu il şirkət istehsal etdiyi məhsulları ABŞ, Kanada, Meksika, Almaniya, Albaniya, Sinqapur və Yaponiya kimi ölkələrə ixrac edib.
Şirkət eyni zamanda ekoloji məsuliyyətə də önəm verir. Belə ki, Azerbaijan Fish Farm innovativ proqramlar çərçivəsində nəsli kəsilməkdə olan balıqların populyasiyasını artırmaq üçün mütəmadi olaraq yüz minlərlə körpə balığı Xəzər dənizinə və Kür çayına buraxır, suyun keyfiyyətinin qorunması və dayanıqlı akvakultura təcrübələrini tətbiq edərək ekosistemin balansını təmin edir.
Hazırda "Azerbaijan Fish Farm" MMC ekoloji məsuliyyət və innovasiyanın sintezini təcəssüm etdirən nümunəvi model kimi çıxış edir. Onun fəaliyyəti, Azərbaycanın qeyri-neft sektorunda davamlı inkişafının əsas açarının təbiətlə harmoniyada qurulan, elmi və innovativ yanaşmaya əsaslanan istehsalda olduğunu göstərir.





