Azərbaycanda son 9 ayda 36332 nikah və 15480 boşanma olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən illə müqayisədə nikahların sayı azalaraq 4,8-dən 4,7- yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Məsələ ilə təkcə rəqəmlərlə yekunlaşmır, bəzi insanlar nikaha daxil olmadan da toy-büsat edirlər, lakin son zamanlar müşahidələrimiz onu göstərir ki, indi toy məclisi edənlər də azalıb. Gənclər isə evlənməmək üçün “Avropa üsulu” sevgililik, azad həyat, nikahsız eyni evi bölüşmək ənənəsinə keçid ediblər.
Lent.az paytaxtın müxtəlif yerlərində yerləşən, münasib və yüksək qiymətli 15 şadlıq sarayı arasında sorğu apardı.
Sorğuda iştirak edən şadlıq evlərinin hər biri son aylarda toy məclislərinin kəskin azaldığını bildirdilər:
“Hər ay toy məclislərinin sayının statistikası aparılır. Ötən ilin oktyabr-noyabr-dekabr aylarında ən az 20-25 toy olurdusa, indi bu say ən çox 6-10 arasında dəyişir. Təkcə şadlıq sarayının personal heyəti yox, ümumilikdə bu sektorda çalışan hər kəsin maddi təminatında problemlər yaranıb. Şadlıq sarayları əvvəllər sadəcə pul qazanmağı düşünürdülərsə, indi yalnız ayaqda qalıb-qalmayacaqlarınının hesabını aparırlar”.
Bəs görəsən, insanları evlilikdən qaçıran səbəb nədir? Deyildiyi kimi burada təkcə maddi problemlərmi əsas rol oynayır?
Sosioloq Elçin Bayramlı Lent.az-a açıqlamasında bildirib ki, nikahların olmamasının əsas səbəbi gənclərin yalnız “mən”, “mənim istəyim”, "mənim kefim", deyib yaşamalarıdır:
“Son illərdə boşanmaların sayında artım var. Bununla yanaşı ailə quranların sayı da azalır və təəssüf ki, nisbət artıq 50%-ə yaxınlaşır. Nikaha girənlərin azalmasının müxtəlif səbəbləri var. İlk növbədə mənəvi deqradasiya burada əsas rol oynayır. Gənclər müasirlik adı altında öz milli-mənəvi dəyərlərimizdən uzaqlaşırlar, həyatlarını eqoist prinsiplər üzərində qurmağa çalışırlarlar, yalnız “mən”, deyə yaşayırlar. Bunu açıq şəkildə dilə gətirirlər. Evlənib ailə, uşaq sahibi olmaq istəmirlər ki, onlar üçün əlavə xərc, əziyyət çəkməsinlər. Bütün həyatlarını özlərinə, öz gəzməklərinə, keflərinə sərf edirlər. Bu isə çox ciddi psixoloji problem, mənəvi deqradasiyadır və demoqrafik azalmaya gətirib, çıxarır. Millətin davamlılığı üçün yeni fərdlər dünyaya gəlməlidir. Ailələrdə uşaq sayı ən az 2 və 3 olmalıdır ki, tarazlıq pozulmasın. Lakin hazırkı şəraitdə ailə quran gənclər də, 1 uşağa üstünlük verirlər. Təbii ki, bu da uşağın böyüdülməsi üçün əlavə xərclərdən irəli gəlir. Sözsüz, burada aztəminatlı ailələr var. Onlar maaşlarının azlığı səbəbindən çox uşaq istəmirlər. Ümumilikdə götürdükdə isə, maddi-sosial imkanları orta və yuxarı səviyyədə olan insanların da böyük əksəriyyəti evlənməməyə, nikaha daxil olduqdan sonra isə maksimum 1 uşaqla kifayətlənməyə üstünlük verirlər. Bu da son dövrlərdə xarici mərkəzlər tərəfindən aparılmış təbliğatın nəticəsidir.
Müasir həyat tərzi adı altında milli-mənəvi dəyərlərin, ənənələrimizin, ailə sistemimizin aşağılanması və sıradan çıxarılmasına hesablanmış siyasətdir. Bunun qarşısını almaq üçün kütləvi informasiya vastiələri əks-təbliğat aparmalıdır, milli-mənəvi dəyərləri təbliğ etməlidir, valideynlər uşaqlara ailə dəyərlərinin əhəmiyyətini vurğulamalıdırlar. Hər şeyi maddi vəziyyətə bağlamaq olmaz, çünki müxtəlif dövrlərdə də, əhalinin maddi vəziyyəti yaxşı olmayanda belə, uşaqlar dünyaya gəlib və heç bir problem olmadan böyüyüb, təhsil alıblar. 3-5, hətta 7 uşaqlı ailələrdə hər şey normal olub. Şərt deyil ki, insan milyoner olsun, ondan sonra uşaq sayı artsın, xeyr, belə bir anlayış yoxdur. Aztəminatlı, hətta yoxsul ölkələrdə də uşaq sayı az olmur, nəinki inkişaf etmiş ölkələrdəki ailələrdə ya uşaq olmur, ya da 1-i olur. Bu o deməkdir ki, maddi məsələlərin rolu yoxdur.
Cənab Prezidentin dediyi kimi Azərbaycan xalqı milli-mənəvi dəyərləri üzərində inkişaf etməlidir. Biz ailə sistemimizi qorumalıyıq, gənclərə, uşaqlara kiçik yaşlardan bunları təbliğ etməliyik. Əks halda bir millət kimi yoxa çıxa bilərik. Çünki evlənmələr azalıb, boşanmalar artanda, ailələrdə uşaqların sayı 1 və ya 2 olanda, demoqrafik problem yaranır. Yaşlı nəslin sayı artır, uşaq və gənclərin çəkisi azalır.
Bu problem dünyanın bütün ölkələrində var
Avropa ölkələri, həmçinin ABŞ və Yaponiya bundan ciddi narahatlıq keçirirlər. Məsələnin həllini isə xaricdən miqrant qəbul etməklə həll etməyi düşünürlər, lakin bu da, özüylə birgə çoxsaylı problemlər yaradır. Azərbaycanda nikahların sayının azalmasının qarşısını almaq üçün ailə modelimizi, irsimizi davam etdirməliyik. Dövlət isə müəyyən sosial-dəstək layihələri ilə kömək edə bilər. Çoxuşaqlılığın təbliği üçün yardımlar, uşaq pulu və müxtəlif güzəştlər ailələrin qurulmasına yardımçı ola bilər”.
evlilik Azərbaycanda nikahların sayı Boşananlar artıb DSK Şadlıq sarayı Gənclər niyə evlənmirlər? Demoqrafik uçurum


