IMG-LOGO

Anar Allahverdiyev: "Xankəndidə insanlar XI Vüqar Həşimov Memorialını səbirsizliklə gözləyirdilər"

12.12.2025 19:44 5 baxış
IMG

Xankəndi şəhərində insanlar XI Vüqar Həşimov Memorialını səbirsizliklə gözləyirdilər.

Bunu "Report"a açıqlamasında adıçəkilən turnirin direktoru Anar Allahverdiyev deyib.

Mütəxəssis hər il olduğu kimi, yarışın bu dəfə də yüksək səviyyədə keçdiyini bildirib:

"Həqiqətən Xankəndidə yüksək səviyyədə şərait yaradılmışdı. Şəhər ictimaiyyəti Memorialı böyük maraqla gözləyirdi. Onlar bir neçə maraqlı qarşılaşmalara şahidlik etdilər. Bu turnirin paytaxtdan kənarda keçirilməsinin səbəblərindən biri də regionlarda şahmatın inkişafına nail olmaqdır. Bölgələrdə yeni-yeni Vüqar Həşimovların yetişməsi üçün Xankəndidəki Memorial yeni bir təməl idi. İşğaldan azad olunmuş bölgələrdə idman tədbirlərinin, o cümlədən şahmat yarışlarının keçirilməsini zəruri hesab edirik".

O, Vüqar Həşimov Şahmat Fondunun 2026-cı ildəki planlarından da danışıb:

"Növbəti il üçün də rəsmi turnirlər planlaşdırmışıq. Təbii ki, bu yarışlarla yanaşı, XII Vüqar Həşimov Memorialı da keçiriləcək. Uzun illərdir davam edən "Vugar Gashimov Open", həmçinin "Şamaxı Open" turnirləri də öz axarı ilə davam edəcək. Biz bu turnirlərlə kifayətlənmək niyyətində deyilik və üçüncü "Open" yarışı üzərində işləyirik. Böyük ehtimala 2026-cı ildə Vüqar Həşimov Şahmat Fondu 4 böyük yarışa təşkilatçılıq edəcək".

A.Allahverdiyev Memorialda iştirak edən qrossmeysterlərin yarışla bağlı müsbət fikirdə olduqlarını vurğulayıb:

"FIDE təmsilçisi Yan Nepomnyaşi ardıcıl ikinci il turniri qalib kimi başa vurdu. O, bildirdi ki, XII Memorialda da böyük məmnuniyyətlə iştirak edəcək. Yarışı ikinci sırada başa vuran sloveniyalı Vladimir Fedoseyev Xankəndiyə heyran qaldı, təşkilatçılar tərəfindən göstərilən qayğıya müsbət mənada təəccübləndi. O, bu turnirdə ilk dəfə iştirak etdiyi üçün sevinirdi. Ümumiyyətlə, yarış iştirakçılarının Memorialla bağlı düşüncələri çox müsbət oldu".

Qeyd edək ki, Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibi Yan Nepomnyaşi (FIDE) olub. Vladimir Fedoseyev (Sloveniya) ikinci, Azərbaycan şahmatçısı Rauf Məmmədov üçüncü olub. Memorialda ümumilikdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparıb.

Xəbər lenti