Məşhur aktyor və aktrisaların uğuru təkcə istedadları ilə ölçülmür. Onların bəziləri yüksək intellekt səviyyəsi, nüfuzlu universitetlərdəki təhsili və elmi fəaliyyətləri ilə də diqqət çəkirlər. Maraqlıdır ki, milyonlarla tamaşaçının komediya, döyüş və ya dramatik rollarla tanıdığı bu aktyor və aktrisaların bəzilərinin intellekt səviyyəsi göstəricisi dünyanın ən ağıllı insanlarının zəka səviyyəsinə yaxındır. Onların bir qismi aktyorluğu seçməsəydi, bu gün elm və texnologiya sahəsində də tanınmış simalara çevrilə bilərdi.
Lent.az Hollivudun yüksək intellekti ilə seçilən məşhur aktyor və aktrisalarının siyahısını təqdim edir.
Ceyms Vuds
Müxtəlif qiymətləndirmələrə görə, Ceyms Vudsun intellekt səviyyəsi təxminən 180-dir ki, bu da orta göstəricidən xeyli yüksək hesab olunur. O, təkcə kino sahəsindəki uğurları ilə deyil, həm də qeyri-adi intellekti ilə tanınır.
Karyerası ərzində əsasən mürəkkəb obrazları canlandırıb, xüsusilə mənfi qəhrəman rolları ilə məşhurlaşıb. Üç dəfə "Emmi" mükafatına layiq görülən aktyor iki dəfə də "Oskar"a namizəd göstərilib.
Rouen Atkinson
"Mister Bin" obrazı ilə tanınan Rouen Atkinsonun intellekt səviyyəsinin təxminən 178 olduğu bildirilir. Ekranda sadəlövh obraz yaratsa da, real həyatda yüksək zəkaya malikdir. O, əvvəlcə Nyukasl Universitetində, daha sonra isə Oksford Universitetində elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb. Təhsilini başa vurduqdan sonra elmi sahəni deyil, aktyorluq yolunu seçib.
Kventin Tarantino
Məşhur rejissor və ssenarist Kventin Tarantinonun intellekt səviyyəsi göstəricisinin təxminən 160 olduğu qeyd edilir. O, 15 yaşında məktəbi tərk etsə də, videokasset mağazasında işləyərək və aktyorluq kurslarında iştirak edərək kino sənətini müstəqil şəkildə öyrənib. Sonradan dünya kinosunun ən fərqli rejissorlarından birinə çevrilib.
Dolf Lundqren
Dolf Lundqrenin də intellekt səviyyəsinin təxminən 160 olduğu bildirilir. O, aktyor olmamışdan əvvəl kimya mühəndisliyi üzrə ali təhsil alıb, magistr dərəcəsi qazanıb və Massaçusets Texnologiya İnstitutunda (MIT) təhsil almaq üçün təqaüd əldə edib. Daha sonra isə elm sahəsini deyil, Hollivudu seçib.
Mett Deymon
Mett Deymonun intellekt səviyyəsi göstəricisi təxminən 160 hesab olunur. Harvard Universitetində təhsil alarkən yazmağa başladığı ssenari sonradan "Good Will Hunting" filminin əsasını təşkil edib.
Bu ekran əsərinə görə Ben Affleklə birlikdə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Oskar" mükafatı qazanıb. Filmdə riyaziyyat dahisini canlandırması isə onun şöhrətini daha da artırıb.
Liza Kudrou
"Friends" serialındakı Fibi Buffe obrazı ilə tanınan Liza Kudrounun intellekt səviyyəsinin təxminən 154 olduğu bildirilir. O, Vassar Kollecində biologiya üzrə bakalavr təhsili alıb və həkim atası ilə birlikdə səkkiz ilə yaxın baş ağrılarının yaranma mexanizmləri üzərində elmi araşdırmalar aparıb. Həmin tədqiqatların nəticələri elmi jurnallarda dərc olunub və aktrisa məqalələrin həmmüəllifi kimi göstərilib.
Şeron Stoun
"Əsas instinkt" filminin ulduzu Şeron Stounun intellekt səviyyəsi göstəricisinin də təxminən 154 olduğu qeyd edilir. O, yeniyetmə yaşlarında yüksək akademik göstəricilərinə görə universitetdə təhsil almaq üçün təqaüd qazanıb. Daha sonra təhsilini yarımçıq qoyaraq model və aktrisa karyerasına üstünlük verib. Şeron Stoun həm də ictimai fəallığı və sosial məsələlərə münasibəti ilə tanınır.
Natali Portman
"Oskar" mükafatlı aktrisa Natali Portmanın intellekt səviyyəsi təxminən 140 olaraq qiymətləndirilir. O, aktyorluq fəaliyyətini təhsillə paralel davam etdirib və Harvard Universitetində psixologiya üzrə bakalavr dərəcəsi alıb. Portman neyrobiologiya sahəsində elmi araşdırmalarda iştirak edib, elmi məqalələrin həmmüəllifi olub. Bundan başqa, o, fransız, alman və yapon dilləri də daxil olmaqla bir neçə xarici dildə sərbəst danışır.
Hollivud aktyor zəka







Mənbə: lent.az