Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 36 milyard 303,5 milyon kubmetr qaz nəql edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 11 ayı ilə müqayisədə 0,04 % azdır.
Hesabat dövrünə qazın nəqlinin 58,2 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 21 milyard 121,8 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 1,6 % çoxdur.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.