IMG-LOGO

Qazaxıstan dekabrda CPC-dən təxminən 60 min ton nefti BTC-yə yönləndirəcək

10.12.2025 22:56 4 baxış
IMG

"KazTransOil" SC dekabr ayında təxminən 60 min ton nefti Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemindən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə yönləndirəcək.

"Report" xəbər verir ki, bu barədə "KazTransOil" məlumat yayıb.

"Beynəlxalq tərəfdaşlar və yükgöndərənlərlə vaxtında təşkil edilmiş konstruktiv danışıqlar prosesi sayəsində beynəlxalq neft axınlarının CPC neft kəmərləri sistemindən Samara və BTC istiqamətlərinə yenidən istiqamətləndirilməsi və tədarüklərin bir hissəsinin Çin istiqamətinə yönləndirilməsi imkanları razılaşdırılıb. Beləliklə, 2025-ci ilin dekabr ayında BTC neft kəməri ilə tədarük olunan neftin həcmi Qazaxıstan Energetika Nazirliyinin təsdiqlədiyi ilkin nəql qrafikinə nisbətən 58 min ton çox olub", - məlumatda deyilir.

Bundan başqa, dekabr ayı ərzində "KazTransOil" SC neftin rezervuar parkında müvəqqəti yerləşdirilməsi üçün neft hasilatı şirkətlərinə əlavə imkanlar təqdim edəcək.

Şirkət qeyd edir ki, bu tədbir yükləmə qrafiklərinin çevikliyini artıracaq, magistral neft kəmərləri sistemi vasitəsilə nəqlin fasiləsizliyini təmin edəcək.

Daha əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenova istinadən bildirilmişdi ki, ölkə bu il BTC ilə 1,2 milyon ton neft tədarük etməyi planlaşdırır və 2026-cı ildə 1,5-2,2 milyon ton neftin nəqli imkanlarını müzakirə edir.

Xəbər lenti