IMG-LOGO

Tatar dilini məşhurlaşdıran, Azərbaycanda populyarlıq qazanan KRİMİNAL SERİAL

21.12.2023 20:15 160 baxış
IMG

1980-ci illərdə Kazanda yeniyetmə və gənclərdən ibarət kriminal dəstələrin həyatından bəhs edən "Oğlanın sözü. Asfaltda qan" serialı tək Rusiya deyil, keçmiş postsovet məkanında da geniş rezonans doğurub.

Lent.az Azərbaycanda da kifayət qədər izləyici kütləsi toplamış və yaxın tarixə əsaslanan kriminal serial barədə əsas məqamları xatırladır.

Serial “Start” onlayn kinoteatrı tərəfindən “Toomuch Production” kinoşirkəti, “Milli Media Qrup” və Rusiyanın “İnternetin İnkişafı İnstitut” tərəfindən müştərək çəkilib. Rejissor Jora Krıjovnikov tərəfindən çəkilən serialın ilk sezonunun premyerası noyabrın 9-da keçirilib və ümumilikdə 8 seriyadan ibarət olacaq.

“Oğlanın sözü. Asfaltda qan” serialı 1980-ci illərin sonunda Sovet İttifaqının Tatarıstan regionunun mərkəzi Kazanda baş qaldıran və “Kazan fenomeni” adını alan cərəyandan bəhs edir.

Doğurdan da, tarixə baxsaq o dövrdə Kazanda və bəzi ətraf şəhərlərdə gənclərdən ibarət kriminal dəstələr yaşayış yeri əsasında formalaşırdı. Həmin dəstələr digər cinayətkar dəstələrdən sərt ierarxiya sistemi, üzv sayının çoxluğu və addımlarının mütəşəkkilliyi ilə seçilirdi.

70-80-ci illərdə Kazanda “Boriskovo”, “Qryaz”, “Jilka”, “Kaluqa”, “Pervaki”, “Hadi Taktaş” və s. yeniyetmə qruplaşmalar mövcud idi.

Yeniyetmələrdən ibarət həmin dəstələrin hər biri öz məhləsini, yaşadığı rayonu qorumaq üçün qarşı tərəflə kütləvi davalar edirdi və bunu “asfalt üstündə müharibə” adlandırırdı.

Belə kütləvi davalarda bəzən yalnız əl-ayaqdan deyil, bıçaq, beşbarmaq, dəyənək və odlu silahdan da istifadə edilirdi.

Belə davalarda bəzi hallarda insan ölümü faktı da qeydə alınırdı.

Sovet İttifaqının dağılması ilə həmin yeniyetmə cinayətkar dəstələrin əksəriyyəti dağılsa da, “Qryaz”, “Jilka” və “Hadi Taktaş” kimi qruplaşmalar bazar iqtisadiyyatı şəraitində uyğunlaşdı və sahibkarlar üçün kabusa çevrilən mütəşəkkil cinayətkar dəstələrə çevrildi.

“Oğlanın sözü. Asfaltda qan” serialı məhz 80-ci illərdə Sovet İttifaqında, fərqi sahibkarlığın və mütəşəkkil cinayətkarlığın yeni təşəkkül tapmağa başladığı dövrü əhatə edir. Detallı işlənmiş, dövrünün məişətini, ictimai və sosial durumunu, əhval-ruhiyyəsini ustalıqla əks etdirir.

Buna ssenarinin tatar jurnalist Robert Karayevin “Oğlan sözü. Kriminal Tatarıstan 1970-2010-cu illərdə” sənədli kitabı əsasında hazırlanması da önəmli rol oynayıb.

Serial Sovet İttifaqının keçmiş geyim, məişət atributikasını populyarlaşdırıb. Amma mədəni təsir təkcə bununla məhdudlaşmayıb. Qəribə də olsa, “Oğlanın sözü. Asfaltda qan” serialı tatar dilinin də populyarlaşmasına təkan verib.

Belə ki, serialın hər epizodunda səslənən və “Aiqel” qrupu tərəfindən ifa olunan “Pıyala” mahnısı Rusiyanın musiqi çartlarından və Shazam-ın top hitlər sıralamasında ilk pillədə qərarlaşıb.

Amma “Oğlanın sözü. Asfaltda qan” serialı uğurlu və yüksək reytinqli serial olsa da, onun cəmiyyətə, xüsusən də yeniyetmələrə ötürdüyü mesaj mübahisələrə yol açdı. Bəziləri serialı zorakılığı romantikləşdirməkdə, yeniyetmələri cinayətə sövq etməkdə ittiham etdi.

Təsadüfi deyil ki, Tatarıstan rəhbərliyi ölkənin qaranlıq tarixi və xoşagəlməz tarixi barədə serialın Kazanda çəkilməsinə icazə vermədi. Bütün çəkilişlər Rusiyanın başqa regionunda – Yaroslavl şəhərində çəkilib.

“Biz ölkə rəhbərliyinə çatdırmalıyıq ki, bu cür filmlər bizim apardığımız siyasətə uyğun gəlmir”, - deyə Tatarıstan Prezidenti Rüstəm Minnixanov çıxışında deyib.

Tatarıstan “Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) onun zorakılığın təbliğatı ilə məşğul olmasına dair müraciət edib.

Daha bir qalmaqal, serialın 7 və 8-ci seriyalarının yayımdan bir neçə gün öncə internetə sızdırılması ilə bağlı oldu.

Amma serialın rejissoru Jora Krıjovnikov final seriyasının bəzi səhnələrini yenidən çəkdi və dekabrın 21-də serialın 1-ci sezonunun son seriyası nümayiş etdirildi.

Xəbər lenti