IMG-LOGO

COP29 çərçivəsində Çoxtərəfli İnkişaf Banklarının "Yaşıl Maliyyə" bazarına inteqrasiyası vacibdir - RƏY

24.09.2024 12:12 3 baxış
IMG

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın hədəflədiyi çoxşaxəli istiqamətlərdən biri də maliyyə məsələsidir. Bu müstəvidə diqqətin məhz inkişaf etməkdə olan ölkələrə yönəldilməsi, qlobal istiləşmənin mənfi təsirinə daha çox məruz qalan ölkələrin sosial-iqtisadi və maliyyə tələbatlarının ödənilməsi gündəmin əsas mövzusu olacaq.

Hələ 2015-ci ildə Paris sazişini imzalayan ölkələr 2020-ci ilə kimi inkişaf etməkdə olan ölkələrdə bu sahəyə ayrılacaq vəsaitin 100 milyard dollar olmasını öhdəlik götürdülər. COP29-da bu rəqəmə yenidən baxılaraq qərar verilməsi nəzərdə tutulub. Çünki iqlim böhranı və onun dağıdıcı nəticələri bütün dünyada insanlar üçün ciddi təhlükədir.

Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradıldığını elan edib. Hətta inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu olan "İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu"na vəsait ayrılması prosesinə başlanılıb.

Azərbaycanın təsisçi-donor olduğu Fondun kapitalının mədən (qazıntı) yanacağı istehsal edən ölkələrin, eləcə də neft-qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərin maliyyə dəstəyi ilə formalaşdırılması nəzərdə tutulur. Fondun üzvləri tərəfindən illik ödənişlər sabit məbləğdə və ya istehsal həcminə uyğun olaraq köçürüləcək.

Orxan Kərimzadə

İMFF bərpa olunan enerji sahəsində fəaliyyət göstərən kiçik və orta istehsalçılar üçün gələcək məhsulların satın alınması üzrə sazişə zəmanətlə yanaşı, “yaşıl” sənaye layihələri üçün ilkin kapital itkisinin kompensasiyasını da təmin edəcək. Bununla yanaşı, fond diqqətini əhalinin əsas yaşama vasitələrini qorumaq və “xalis sıfır” emissiyasına nail olmaq üçün prioritet olaraq ərzaq və kənd təsərrüfatı sektoruna yönəldəcək. Layihələrdən əldə olunan gəlirin investisiya kimi yenidən fonda yatırılması planlaşdırılır.

Bərpa olunan enerji üzrə ekspert Orxan Kərimzadə mövzu barədə “Report”a açıqlamasında deyib ki, COP29-da inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi və maliyyə tələbatlarına diqqət yönəldilməsi ilə bağlı yeni iqlim maliyyəsi (Yeni Kollektiv Kəmiyyət Məqsədi) üzərində irəliləyişlərin əldə edilməsi gözlənilir.

O.Kərimzadə COP29 konfransı dövründə maliyyə dəstəyinin həcminin artırılması, iqlim dəyişikliyinin mənfi təsirindən daha çox əziyyət çəkən ölkələrə yardımların ədalətli şəkildə paylanması və zərər görən ölkələrin adaptasiya və bərpa proseslərinə yönəlmiş maliyyə mexanizmlərinin gücləndirilməsinin diqqət mərkəzində olacağını bildirib:

“İnkişaf etmiş ölkələr 2020-ci ildən etibarən hər il inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayırmağı hədəfləsələr də, bu hədəfə tam nail olunmayıb. COP29-da bu hədəfin yenidən gücləndirilməsi və icrasına daha effektiv nəzarət mexanizmlərinin təyin edilməsi ehtimal edilir”.

Ekspert COP29-da iqlim maliyyəsinin mövcudluğu və əlçatanlığın da əsas müzakirə mövzularından biri olacağını qeyd edib:

“İnkişaf etməkdə olan ölkələr bu maliyyə axınının daha sürətli və bərabər şərtlərlə çıxışını təmin etməlidir. Maliyyə axınlarının balanslaşdırılması və adaptasiya tədbirləri ilə əlaqədar diqqətin xərclərə yönəldilməsi də vacib məsələdir. Hazırda maliyyə axınları əsasən azkarbonlu (yaşıl) texnologiyaların inkişafına yönəlib, lakin inkişaf etməkdə olan ölkələr üçün həm adaptasiya, həm də dayanıqlılıq tədbirlərinə maliyyə axınlarının balanslı şəkildə ayrılması vacibdir”.

O.Kərimzadə əsas addımlar kimi aşağıdakıları qeyd edib:

- İqlim maliyyəsinin şəffaflığının artırılması və bürokratik maneələrin azaldılması; - Kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün xüsusi maliyyə mexanizmlərinin qurulması; - Özəl sektorun iqlim maliyyəsinə daha çox töhfə verməsi üçün təşviq edici tədbirlər və stimulların yaradılması.

Ekspert Çoxtərəfli İnkişaf Banklarının (Multinational Development Banks - MDB) COP29-da iqlim gündəliyinə uyğun fəaliyyət göstərməsi üçün daha çevik və uyğunlaşan maliyyə mexanizmlərinin qəbul ediləcəyini proqnozlaşdırıb.

“COP29-da Çoxtərəfli İnkişaf Banklarının iqlim dəyişikliyi ilə mübarizə və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi ilə bağlı islahatı müzakirələrin əsas mövzusu olacaq. Çoxtərəfli İnkişaf Banklarının (MDB) "Yaşıl Maliyyə" bazarlarına inteqrasiyası, onların iqlim layihələrinə daha çox investisiya cəlb etməsi və özəl sektoru bu istiqamətə yönəltməsi üçün islahatların dərinləşdirilməsi vacibdir”, - deyə O.Kərimzadə söyləyib.

O, həmçinin "ədalətli keçid" prosesinə qoşulmağın vacibliyindən də söz açıb:

“Əsas məsələlərdən biri isə özəl sektorun "ədalətli keçid" prosesinə qoşulması və bu sahədə daha çox öhdəlik götürməyə hazır olmasıdır. Bu keçid, xüsusilə ənənəvi enerji mənbələrindən azkarbonlu texnologiyalara keçid zamanı iş yerlərinin qorunması və yeni sahələrdə iş imkanlarının yaradılması kimi sosial aspektlərə diqqət yönəldilməsini tələb edir. COP29-da bu mövzuda həm hökumətlərin, həm də özəl sektorun iştirakını artırmaq üçün dəstək proqramlarının genişləndirilməsi gözlənilir”.

Nəticə olaraq, iqlim dəyişikliyi ilə effektiv mübarizənin tərəflər üçün ədalətli, təbiət üçün isə faydalı olması şərtdir. Burada məsuliyyət əsasən inkişaf etmiş ölkələrin üzərinə düşür. Maliyyə öhdəlikləri təkcə iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək üçün deyil, həm də bərabərsizliklə mübarizə aparmaq üçün önəmlidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti