Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev ölkəmizdə səfərdə olan Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, MOK-un inzibati binasında keçirilən görüşdə qonaqları salamlayan A.Əliyev ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandığını vurğulayan baş katib komandanın bu nəticə ilə ümumi medal sıralamasında 30-cu yerdə qərarlaşdığını qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycanın olimpiya komandasının Paris-2024-də qazandığı nəticə münasibətilə təbrikini çatdırıb.
Didye Budimbu həmçinin görüş zamanı ölkəsini təmsil edən idmançıların olimpiadada çıxışı barədə məlumatları diqqətə çatdırıb.
Görüş zamanı iki ölkə arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Azər Əliyev Didye Budimbuya MOK-un xüsusi hədiyyəsini təqdim edib.
Güləş üzrə konqolu mütəxəssis Migel Antonio Sole, missiya rəhbəri Luis İfanqa, məsləhətçi Eleke Yondela, baş əlaqələndirici Şimba Mulonqo, katib Jozef Bolan, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq proqramlar idarəsinin müdiri Anar Bağırov və mətbuat katibi Murad Fərzəliyevin də iştirak etdiyi görüşün sonunda xatirə şəkli çəkilib.
Bizim WhatsApp kanalımıza abunə olun