Avropa Komissiyası Avropa İttifaqının (Aİ) 11 ölkəsinə 2027-ci ildə dövlət xərclərinin artımı üzrə müəyyən olunmuş məhdudiyyətlərin mümkün pozulması barədə xəbərdarlıq edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Avropa semestri"nin payız paketində qeyd olunub.
Məlumata görə, Brüssel daha iki dövlətə – Bolqarıstan və Macarıstana sərt büdcə nəzarəti tədbirləri görməyi tövsiyə edib.
Tövsiyə olunan büdcə limitlərinin aşılması təhlükəsi ilə üzləşən ölkələr sırasına Almaniya, Rumıniya, Finlandiya və Çexiya daxildir. Müəyyən edilmiş göstəricilərdən daha əhəmiyyətli kənarlaşmalar isə İspaniya, Litva, Lüksemburq, Malta, Niderland, Sloveniya və Xorvatiyada proqnozlaşdırılır.
Avropa Komissiyası bütün 11 dövləti 2027-ci il üçün milli büdcələrin hazırlanması zamanı büdcə siyasətinə düzəliş etməyə çağırıb. Bununla belə, Brüssel bu cür tədbirləri vaxtından əvvəl hesab edərək hələlik Almaniya və Litvaya münasibətdə həddindən artıq kəsir proseduruna başlamayıb.
Nəzarətin gücləndirilməsi ilə bağlı ayrıca tələblər Bolqarıstan və Macarıstana qarşı irəli sürülüb. Xüsusilə, Bolqarıstanda ev təsərrüfatlarının yüksək borclanması fonunda cari hesab kəsirinin artımı, qiymət rəqabət qabiliyyətinin azalması və mənzil qiymətlərinin sürətlə artması qeyd olunub.
Bundan əlavə, 2027-ci ilin birinci yarısında Avropa Komissiyası Bolqarıstan, Macarıstan, İtaliya, Rumıniya və Slovakiyada makroiqtisadi risklərin dərindən qiymətləndirilməsini aparmaq niyyətindədir.
Ümumilikdə, Brüssel avrozona ölkələrinə 2027-ci ildə müdafiə, energetika və innovasiyalara investisiya imkanlarını qorumaqla yanaşı, mülayim sərt büdcə siyasətinə sadiq qalmağı tövsiyə edib. Aİ-nin müdafiə xərclərinin 2026-cı ildə ÜDM-in 1,9 %-dən 2027-ci ildə 2,1 %-ə qədər artacağı gözlənilir.
Mənbə: report.az