ABŞ-nin hüquq-mühafizə orqanları martın əvvəlindən bəri ölkə tarixində dələduzluqla mübarizə üzrə ən böyük əməliyyat çərçivəsində kibərdələduzluqdan zərər çəkmiş vətəndaşlara 8 milyard dollardan çox vəsaiti qaytarıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin ədliyyə naziri - baş prokuroru Todd Blanş Vaşinqtonda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, martda ABŞ Prezidenti Donald Tramp tərəfindən kibərdələduzluqla mübarizə haqqında fərmanın imzalanmasından bu günə kimi 85 federal məhkəmə dairəsində 400-dən çox iş açılıb. İşlər çərçivəsində məhkəmə və ekstradisiya prosedurları 800-dən çox şəxsi əhatə edib, onların bir hissəsi təqsirini etiraf edib və ya artıq məhkum olunub.
"Biz dələduzların qurbanlarına itirə biləcəkləri 8 milyard dollardan çox vəsaiti qaytarmağa nail olduq. Bu, tarixdə dələduzluqla mübarizə üzrə ən böyük əməliyyatdır", - T.Blanş vurğulayıb.
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel isə qurumun qanunsuz yolla əldə olunmuş təxminən 17 milyard dollar vəsaiti və 14 mindən çox rəqəmsal cihazı müsadirə etdiyini bildirib.
Bundan əlavə, K.Patelin sözlərinə görə, əməliyyat zamanı dörd qitədə dələduzluqla məşğul olan 29 cinayətkar təşkilatın fəaliyyətinin qarşısı alınıb.
Mənbə: report.az