Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 10 435 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.
"Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 % çoxdur.
Qeydiyyata alınmış əmlaklardan 4 785-i torpaq sahəsi, 3926-sı fərdi yaşayış və bağ evi, 1 302-si mənzil, 203-ü qeyri-yaşayış sahəsi, 203-ü qeyri-yaşayış binası, 16-sı isə əmlak kompleksi olub.
10 ayda daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2 milyon manat xidmət haqqı toplanıb. Bu da 1 il əvvələ nisbətən 109,5 min manat və yaxud 5,5 % çoxdur.
Bundan başqa, hesabat dövründə hüquqi və fiziki şəxslər, eləcə də notariat ofislərindən Dövlət Xidmətinə 11 746 elektron müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 90,6 % çoxdur.
Mənbə: report.az