IMG-LOGO

Nazir: Bolqarıstan Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələri gücləndirmək niyyətindədir

16 Nov 2026 13:16 32 baxış
IMG

Bolqarıstan Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrin inkişaf etdirilməsini başlıca prioritetlərdən biri kimi nəzərdən keçirir və tərəfdaşları ilə enerji tədarükü, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə etməyi planlaşdırır.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl deyib.

"Bu, bizim üçün əsas prioritetdir. Həmkarlarımızla bu regionla əlaqələri gücləndirməyə, Avropaya həm enerji resurslarının, həm də müxtəlif malların tədarükünü şaxələndirməyə, eləcə də iqtisadi əlaqələri inkişaf etdirməyə şərait yaradacaq ümumi yanaşmanın hazırlanması yollarını birbaşa müzakirə etmək imkanımız olacaq", - nazir bildirib.

Onun sözlərinə görə, əlaqəlilik məsələləri ilə bağlı görüşdə Azərbaycan, Ermənistan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin nümayəndələri iştirak edəcəklər.

Müzakirələrin digər mühüm istiqaməti Qara dəniz regionunda təhlükəsizliklə bağlı olacaq. V.Petrova-Çamova xatırladıb ki, Avropa Komissiyası Qara dəniz təhlükəsizlik mərkəzinin yaradılması üçün Bolqarıstan və Rumıniyaya 50 milyon avro ayırıb.

"Biz həmçinin bu vəsaitlərin necə istifadə olunacağını, necə bölüşdürüləcəyini və bunun hansı zaman çərçivəsində həyata keçiriləcəyini aydınlaşdırmaq üçün Avropa Komissiyası ilə danışıqlar aparacağıq", - o qeyd edib. Bundan başqa, nazir bu məsələni Rumıniyanın yeni xarici işlər naziri ilə müzakirə etmək niyyətində olduğunu deyib.

Mənbə: report.az

Xəbər lenti