IMG-LOGO

Deputat: "Prezident Qarabağda 180-dən çox layihənin təməlini qoyub"

03 Nov 2026 11:33 3 baxış
IMG

Prezident İlham Əliyev Qarabağda 180-dən çox layihənin təməlini qoyub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildə əldə etdiyi zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb: "İşğal dövründə tamamilə dağıdılan və xarabalığa çevrilən ərazilərimiz artıq bərpa olunur və yenidən qurulur. Əlbəttə ki, ilk mərhələdə nəqliyyat, sosial və digər infrastrukturun formalaşdırılması, paralel olaraq isə məskunlaşma prosesinin həyata keçirilməsi istiqamətində işlər görülür. Ötən müddətdə dövlət büdcəsindən yalnız işğaldan azad olunmuş ərazilərə 26 milyard manata yaxın vəsait ayrılıb. Nəqliyyat, logistika və digər infrastruktur layihələrinin reallaşdırılması nəticəsində artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır".

"Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizdə ümumi uzunluğu 3 720 kilometr olan 64 avtomobil yolunun tikintisi həyata keçirilib. İndiyədək həmin yollardan ümumi uzunluğu 1,4 min kilometr olan 17-si tamamilə başa çatdırılıb və yenidən qurulub. Eyni zamanda, strateji əhəmiyyət daşıyan üç beynəlxalq hava limanı istifadəyə verilib. Təbii ki, bütün bunlar fonunda intensiv məskunlaşma prosesinin də şahidi oluruq. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır, təhsil alır və işləyir. Noyabrın 1-nə olan məlumata əsasən, həmin ərazilərdə 41 213 keçmiş məcburi köçkün artıq məskunlaşıb. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Belə ki, rayonda 8 300 keçmiş məcburi köçkün yaşayır. Cəbrayıl rayonunda isə bu göstərici 7 112 nəfər təşkil edir", - deyə deputat əlavə edib.

V.Bayramovun sözlərinə görə, infrastrukturun formalaşdırılması növbəti illərdə, eləcə də qarşıdakı aylarda məskunlaşma prosesinin daha da intensivləşməsinə imkan verəcək: "Təbii ki, hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək və heç kim bu prosesdən kənarda qalmayacaq. Bu, möhtərəm Prezidentin siyasi iradəsidir. Artıq bu iradəyə uyğun olaraq intensiv məskunlaşma prosesinin şahidi oluruq. Ötən müddət ərzində Prezident işğaldan azad olunmuş ərazilərimizə 600 dəfədən çox səfər edib. Bu səfərlər və tədbirlər çərçivəsində dövlət başçısı 180-dən çox layihənin təməlini qoyub, 170-dən çox obyektin açılışında iştirak edib. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məskunlaşma prosesi birbaşa Prezidentin diqqət mərkəzindədir. Bu diqqət və siyasi iradə məskunlaşma prosesinin daha da sürətlənməsinə, keçmiş məcburi köçkünlərimizin daha qısa müddətdə öz ata-baba yurdlarına qayıtmasına imkan yaradacaq".

Mənbə: report.az

Xəbər lenti